Tibetdə tikilən unikal enerji kompleksi 16 minə yaxın güzgü ilə işləyəcək və gecə saatlarında da elektrik istehsal edə biləcək
Tibet Muxtar Rayonunda, dəniz səviyyəsindən 4650 metr yüksəklikdə yerləşən “Anduo Tushuo” günəş elektrik stansiyasının tikintisini başa çatdırmaq üzrədir.
Bu barədə “itc.ua” nəşri məlumat yayıb.
Dünyanın ən hündür qüllə tipli stansiyası
Məlumatda deyilir ki, bu, əridilmiş duz texnologiyası ilə işləyən dünyanın ən hündür qüllə tipli günəş elektrik stansiyası hesab olunur. Layihə çərçivəsində istifadə olunacaq 15 927 heliostat güzgünün hamısı artıq quraşdırılıb və stansiya elektrik şəbəkəsinə qoşulma mərhələsinə keçib.

Stansiya necə işləyir?
Adi günəş panellərindən fərqli olaraq, burada minlərlə hərəkətli güzgü gün ərzində Günəşi izləyərək şüaları 185 metr hündürlüyündə qüllənin zirvəsində yerləşən qəbulediciyə yönəldir. Burada əridilmiş duz 565 dərəcəyədək qızdırılır, sonra isə istilik ehtiyatı kimi saxlanılır.
Daha sonra bu istilikdən su buxara çevrilir, buxar isə turbinləri hərəkətə gətirərək elektrik enerjisi istehsal edir. Mütəxəssislərin sözlərinə görə, istilik toplama sistemi stansiyanın günəş olmadıqda belə 8 saat tam güclə işləməsinə imkan verir.
Çətin şəraitdə tikilib
Stansiyanın tikintisi son dərəcə mürəkkəb şəraitdə aparılıb. Bu yüksəklikdə havadakı oksigenin miqdarı dəniz səviyyəsi ilə müqayisədə 60 faizdən azdır, küləyin sürəti isə tez-tez saniyədə 30 metri keçir.

Layihənin ümumi gücü 900 meqavatdır. Bunun 100 meqavatı qüllə tipli günəş-istilik stansiyasının, 800 meqavatı isə fotovoltaik günəş panellərinin payına düşür. İllik elektrik istehsalının 255 milyon kilovat-saat olacağı, bunun isə karbon qazı emissiyalarını ildə təxminən 165 min ton azaltmağa imkan verəcəyi bildirilir.
Niyə vacibdir?
Mütəxəssislər hesab edirlər ki, “Anduo Tushuo” layihəsi yüksək dağlıq ərazilərdə istilik enerjisinin toplanması texnologiyasının səmərəli işlədiyini nümayiş etdirəcək. Bu təcrübənin gələcəkdə Himalay və And dağları kimi digər yüksək dağlıq bölgələrdə də tətbiq oluna biləcəyi vurğulanır.




