“Türkiyə Qazaxıstanı və MDB-ni Rusiyadan uzaqlaşdırır” – Qazaxıstan mətbuatı

Ankara Rusiya marşrutlarından asılılığı azaltmaq üçün yeni dəhlizlər və logistika layihələrini sürətləndirir

Türkiyə Mərkəzi Asiya ilə Avropa arasında yükdaşımaları genişləndirmək məqsədilə Rusiyanı yan keçən beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafını sürətləndirir. 

Bu barədə “inbusiness.kz” nəşri yazıb.

Türkiyə Mərkəzi Asiyaya yeni nəqliyyat marşrutları qurur

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlunun sözlərinə görə, Səudiyyə Ərəbistanından İordaniya və Suriya üzərindən Türkiyəyə qədər uzanacaq yeni dəmir yolu xətti gələcəkdə Avropa, Qafqaz və Mərkəzi Asiya marşrutları ilə birləşdiriləcək.

Nazir bildirib ki, Rusiya-Ukrayna müharibəsi, Hörmüz boğazındakı risklər və qlobal ticarətdə yaranan problemlər alternativ nəqliyyat yollarına tələbatı xeyli artırıb. Gələcəkdə bu dəhlizin Küveyt, Bəhreyn, Qətər, BƏƏ və Omana qədər uzadılması da planlaşdırılır.

Orta Dəhliz strateji əhəmiyyət qazanır

Ankara eyni zamanda Azərbaycan vasitəsilə Mərkəzi Asiyaya çıxışı təmin edən Orta Dəhlizin inkişafına xüsusi önəm verir. Layihə çərçivəsində Türkiyə və Azərbaycan ərazisində tikinti işlərinin son mərhələyə çatdığı bildirilir. Gələcəkdə Ermənistan üzərindən dəmir yolu bağlantısının yaradılması da nəzərdən keçirilir.

Məqalədə qeyd olunur ki, Orta Dəhliz Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Asiyanı Avropa ilə birləşdirir. Bu marşrutla yüklər 12-15 günə çatdırılır ki, bu da Süveyş kanalı ilə dəniz daşımalarından xeyli sürətlidir.

Qazaxıstan əsas tranzit mərkəzidir

Ekspertlərin fikrincə, marşrutun əsas həlqələrindən biri Qazaxıstandır. Çinlə Avropa arasında quru yolla daşınan yüklərin böyük hissəsi bu ölkədən keçərək Aktau və Kurık limanları vasitəsilə Azərbaycan və Türkiyəyə yönləndirilir.

Məqalədə vurğulanır ki, Orta Dəhlizin inkişafı Türkiyənin geoiqtisadi mövqeyini gücləndirir, Mərkəzi Asiya ölkələrinin dünya bazarlarına çıxış imkanlarını genişləndirir və eyni zamanda Rusiya üzərindən keçən ənənəvi tranzit marşrutlarından asılılığı azaldır.