Bu ölkə Rusiya neftindən milyardlar qazandı: Ukrayna etiraz edir

Yunanıstanın gəmiçilik şirkətləri son üç ildə Rusiya neftinin daşınmasından azı 3,8 milyard dollar gəlir əldə edib. Bu, G7 ölkələrinin Kremlin neft gəlirlərini məhdudlaşdırmaq cəhdlərinə baxmayaraq baş verib.

Bu barədə “Financial Times” məlumat yayıb.

Məlumata görə, ən böyük gəliri yunan gəmiçilik milyarderi Corc Prokopiounun təsis etdiyi “Dynacom Tankers” əldə edib. Hesablamalara əsasən, şirkət 2023-cü ilin iyul ayından bəri Rusiya neftinin daşınmasından azı 915 milyon dollar qazanıb.

“Onassis Group”a daxil olan “Olympic Shipping and Management” isə bu ticarətdən azı 404 milyon dollar gəlir əldə edib. Afinada yerləşən “Stealth Maritime” və “Polembros Shipping” şirkətlərinin hər biri isə 200 milyon dollardan çox gəlir qazanıb.

Qeyd olunur ki, yunan gəmi sahiblərinin Rusiya neftinin daşınmasındakı rolu Afina ilə Kiyev arasında gərginlik yaradıb. 2023-cü ildə Ukraynanın sanksiyalar üzrə qurumu bir sıra yunan tanker şirkətlərini, o cümlədən “Dynacom Tankers”i “müharibənin beynəlxalq sponsorları” siyahısına daxil etsə də, sonradan Yunanıstan hökumətinin təzyiqi ilə onlar bu siyahıdan çıxarılıb.

Nəşr bildirir ki, G7-nin müəyyən etdiyi qiymət həddi qaydalarına riayət olunduğu halda Rusiya neftinin daşınmasına icazə verilir. Bununla belə, son aylarda ABŞ və Avropa İttifaqı Rusiyanın enerji gəlirlərini daha da azaltmaq məqsədilə sanksiyaların sərtləşdirilməsinə çalışır. Bu addımlar Moskvanın mümkün sülh sazişi ərəfəsində mövqeyini zəiflətməyə hesablanıb.

Məlumata görə, 2023-cü ilin iyun ayından bəri Rusiya neftinin daşınmasından ən çox qazanc əldə edən 20 gəmiçilik şirkətinin səkkizi Yunanıstana məxsusdur. Siyahıda Rusiyanın dövlət dəstəyi ilə fəaliyyət göstərən Sovkomflot və Rosnefteflot kimi şirkətlər də yer alır.