Ermənistan hakimiyyəti parlament seçkiləri dövründə xaricdən ölkəyə qayıdan hərbi vəzifəli şəxslərin ölkədən çıxışını məhdudlaşdırmağa başlayıb.
Bu barədə parlamentin müxalif “Ermənistan” fraksiyasının deputatı Geqam Manukyan məlumat verib.
Onun sözlərinə görə, bu addım qeyri-etik, yolverilməz və qanunsuz xarakter daşıyır. Deputat videomüraciətində bildirib ki, Ermənistan qanunvericiliyinə əsasən, ölkədən çıxış qadağası yalnız cinayət törətmiş, istintaq altında olan və ya məhdudiyyət tətbiq edilən şəxslərə şamil oluna bilər.
Manukyan iddia edib ki, hərbi polis tələbi ilə bir çox vətəndaşa 25 günlük hərbi təlimlər bəhanəsi ilə ölkədən çıxış qadağası qoyulub. Onun fikrincə, bu cür addımlar qanuna ziddir, çünki qanun hərbi vəzifəlilərin təlimlər barədə əvvəlcədən məlumatlandırılmasını nəzərdə tutur.
Qeyd edək ki, 7 iyunda Ermənistanda keçirilən parlament seçkilərində 16 partiya və 2 seçki bloku iştirak edib. Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Mülki müqavilə” partiyası 49,81% səs toplayaraq qalib gəlib. “Güclü Ermənistan” bloku 23,29%, üçüncü yerdə isə sabiq prezident Robert Köçəryanın “Ermənistan” bloku 9,94% səs əldə edib.




