Türkiyə Milli Müdafiə Nazirliyi Kipr və Fransa arasında imzalanan müdafiə əməkdaşlığı sazişi ilə bağlı sərt bəyanat yayıb.
Nazirlikdən bildirilib ki, sözügedən razılaşma adadakı həssas balansı pozmağa yönəlib və beynəlxalq hüquq baxımından ciddi suallar doğurur. Qeyd olunub ki, Türkiyə zamin dövlət kimi Şimali Kipr Türk Respublikasının təhlükəsizliyini, hüquq və mənafelərini qorumaqda qərarlıdır.
Açıqlamada vurğulanıb ki, Kipr türklərinin təhlükəsizliyinə yönələn hər hansı təhdidə qarşı Türkiyə Silahlı Qüvvələrinin lazımi cavab vermək gücü və qətiyyəti var.
Türkiyə Prezidenti Recep Tayyip Erdoğan da məsələ ilə bağlı çıxışında Şərqi Aralıq dənizində Türkiyənin və Kipr türklərinin hüquqlarının təhdid ediləcəyi təqdirdə Ankaranın reaksiyasının “çox aydın və çox sərt” olacağını bildirib.
Qeyd edək ki, Fransa ilə Kipr arasında iyunun 8-də imzalanan saziş hərbi koordinasiya, müdafiə texnologiyaları, birgə təlimlər, strateji dialoq və kadr mübadiləsi kimi sahələri əhatə edir.




