“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalının təntənəli açılış konserti M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilib.
İlk olaraq çıxış üçün səhnəyə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Ayla Kərimova-Zəkəriyyə və Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru, pianoçu Səidə Tağı-zadə dəvət olunub. Onlar hər ikisi festivalın əhəmiyyətindən, uşaqların gələcək həyatına müsbət təsirindən danışıb və bütün iştirakçılara uğurlar arzulayıblar.
Daha sonra bir-birinin ardınca Azərbaycan Dövlət Uşaq Filarmoniyasının Uşaq Folklor Mahnı və Rəqs Ansamblının müxtəlif rəqs qrupları rəngarəng, təkrarolunmaz rəqslər nümayiş etdirib.
Festival çərçivəsində ilk dəfə olaraq baletmeyster Ceyhun Qurbanovun rəhbərliyi altında Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və Azərbaycan Dövlət Uşaq Filarmoniyasının rəqs qrupu eyni səhnəni bölüşüb. Qeyd edək ki, Dövlət Uşaq Filarmoniyasının rəqs qruplarının xoreoqrafları Nigar Zeynalova, Məhəmməd Quliyev və Günel Təhməzovadır.
Konsertdə həmçinin Dövlət Uşaq Filarmoniyasının “Sədəf” xalq çalğı alətləri ansamblı və solistləri çıxış ediblər. Ansamblın ifasında muğamlar, xalq mahnıları və rəqsləri, bəstəkar mahnıları səsləndirilərək milli musiqi irsimizin zənginliyi nümayiş etdirilib. Ansamblın bədii rəhbəri Qönçə Mehdiyevadır.
Rəngarəng konsert proqramı ilə yanaşı, gənc istedadların rəsm və əl işlərindən ibarət sərgi də tamaşaçılara təqdim olunub.
Festivalın növbəti günlərində “Nağıllar aləminə səyahət” adlı qiraət axşamı, uşaqlarla estrada-caz konserti, klassik musiqi axşamı, “Retro dalğası” adlı xor-vokal konserti, eləcə də Xalq Çalğı Alətləri Orkestri, xanəndələr və nağaraçılar ansamblının iştirakı ilə təntənəli bağlanış mərasimi keçiriləcək.
Musiqi və sənətsevərləri “Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalının növbəti konsert proqramlarında iştirak etməyə dəvət edirik.




