Qəbələ rayonunun Bum qəsəbəsində Vətən uğrunda canından keçmiş qəhrəman şəhid Sahil Şirinov Həsrət oğlunun ildönümü münasibətilə anım mərasimi keçirilib.
Tədbirdə Qəbələ Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, icra başçısının müavinləri, Təhsil şöbəsinin rəhbərliyi, qazilər, Bum qəsəbə inzibati ərazi nümayəndəliyinin əməkdaşları, müəllim-şagird kollektivi,din xadimləri ,Ağcabədi, Oğuz, Kürdəmir rayonlarından və Bakı şəhərindən gəlmiş şəhid ailələri, həmçinin Qəbələ rayonunun şəhid ailələri, media nümayəndələri, kənd sakinləri, şəhidin yaxınları, qohumları və ailə üzvləri iştirak ediblər. Eyni zamanda şəhidin hərbiçi yoldaşları və silahdaşları da mərasimdə yer alıblar.
Əvvəlcə şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub, Qurani-Kərim tilavət edilib. İştirakçılar şəhidin əziz xatirəsini dərin ehtiramla yad edərək məzarı önünə gül dəstələri düzüblər.
Daha sonra tədbir Bum qəsəbəsində şəhid Sahil Şirinovun adını daşıyan abidənin ucaldıldığı körpünün üzərində davam etdirilib. Tədbir zamanı Qəbələ rayonunun bütün şəhidlərinin şəkillərindən ibarət sərgi nümayiş olunub, Azərbaycanın üçrəngli Dövlət Bayrağı böyük ehtiramla dalğalandırılıb. Çıxış edənlər şəhid Sahil Şirinovun keçdiyi şərəfli döyüş yolundan, onun göstərdiyi igidlik və qəhrəmanlıq nümunələrindən bəhs ediblər, gənc nəslə vətənpərvərlik ruhunun aşılanmasının vacibliyini vurğulayıblar.
Anım mərasimi yüksək təşkilatçılıq və dərin ehtiram hissi ilə davam etdirilib.
Sonda şəhidin ata evində ehsan süfrəsi təşkil olunub, iştirakçılar bir daha şəhidin ruhuna dualar edərək onun əziz xatirəsini yad ediblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Təranə Alməmmədova
Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İB Qəbələ rayon nümayəndəliyinin rəhbəri











