Mənzil almaq sərfəlidir, yoxsa kirayə? – Ekspertdən CAVAB

Bakıda həm mənzil qiymətlərinin, həm də kirayə haqlarının yüksək olması və mənzil kreditləri üzrə xərclərin artması vətəndaşların mənzil seçimi ilə bağlı qərarlarını çətinləşdirir. Xüsusilə orta gəlirli ailələr üçün mənzil almaqla uzunmüddətli kirayədə qalmaq arasında seçim edərkən aylıq ödənişlər, ilkin ödəniş, kredit müddəti, mənzilin yerləşdiyi ərazi və gələcək xərclər nəzərə alınmalı əsas məqamlardandır. Bununla yanaşı, mənzil əlçatanlığının artırılması üçün həm bazar, həm də sosial-iqtisadi mexanizmlərin təkmilləşdirilməsi vacibdir.

Bəs, mənzil almaqla kirayədə yaşamaq arasında seçim edən vətəndaşlar hansı amilləri nəzərə almalıdırlar və mənzil qiymətləri, kirayə haqları və kredit xərclərinin yüksək olduğu şəraitdə orta gəlirli ailələr üçün mənzil əlçatanlığını artırmaq məqsədilə hansı addımlar atılmalıdır?
Mənzil almaq sərfəlidir, yoxsa kirayə? - Ekspertdən CAVAB

Mövzu ilə bağlı Əmlak eksperti Fərid Cəfərli bildirib ki, mənzil alarkən yalnız aylıq kredit ödənişinə baxmaq düzgün deyil.

“Vətəndaş ilkin ödənişi, kredit üzrə faiz xərclərini, sığorta və digər bank xərclərini, təmir və kommunal xərcləri, həmçinin mənzilin saxlanılması ilə bağlı ödənişləri də nəzərə almalıdır. Digər tərəfdən, uzunmüddətli perspektivdə alınan mənzil ailə üçün aktiv formalaşdırır və daşınmaz əmlak bazarında qiymət artımı baş verdiyi halda bu aktivin dəyəri də yüksələ bilər. Kirayənin üstünlüyü isə daha yüksək maliyyə çevikliyidir. Ailə iş və ya gəlir səbəbindən yaşayış yerini dəyişmək istəyirsə, kirayə daha əlverişli ola bilər. Eyni zamanda, kirayə ilkin böyük kapital tələb etmir və uzunmüddətli kredit öhdəliyi yaratmır”.

Ekspert bildirib ki, ailə ilk növbədə aylıq xalis gəlirini hesablamalı, bundan sabit yaşayış xərclərini çıxarmalı və qalan məbləğin nə qədərini mənzilə yönəldə biləcəyini müəyyən etməlidir:

“Mənzil alınacaqsa, bu hesablamaya kredit ödənişi ilə yanaşı kommunal xərclər, təmir, sığorta, nəqliyyat və digər əlavə xərclər də daxil edilməlidir. Kirayə variantında isə kirayə haqqı ilə yanaşı depozit, kommunal ödənişlər və mümkün köç xərcləri nəzərə alınmalıdır. Digər vacib məsələ vaxt faktorudur. Ailə həmin mənzildə uzun illər yaşayacaqsa, almaq variantının iqtisadi məntiqi arta bilər. Əgər yaxın bir neçə ildə yaşayış və ya iş yerini dəyişmək ehtimalı yüksəkdirsə, kirayə daha rasional seçim ola bilər. Mənzil əlçatanlığının artırılması üçün ilk növbədə təklif genişləndirilməlidir. Şəhərdə müxtəlif gəlir qruplarına uyğun daha çox mənzil tikilməli, xüsusilə orta gəlirli ailələr üçün nəzərdə tutulan münasib qiymətli mənzil fondu genişləndirilməlidir. Digər istiqamət uzunmüddətli və münasib maliyyələşmə mexanizmlərinin genişləndirilməsidir. Burada aşağı faizli ipoteka məhsulları, uzunmüddətli kreditlər, ilkin ödəniş yükünün azaldılması və gəliri sabit, lakin yüksək olmayan ailələr üçün xüsusi maliyyə mexanizmləri mühüm rol oynaya bilər”.

Onun sözlərinə görə, sosial və əlçatan kirayə mənzil bazarının inkişafı da vacibdir:

“Çünki bütün ailələrin mənzil sahibi olması real və ya iqtisadi baxımdan optimal məqsəd deyil. Dünyanın bir çox ölkəsində uzunmüddətli, təhlükəsiz və münasib qiymətli kirayə mənzil bazarı mənzil siyasətinin mühüm elementidir. Bundan başqa, şəhərsalma və nəqliyyat siyasəti mənzil siyasəti ilə əlaqələndirilməlidir. Mənzilin yalnız kvadratmetrinə deyil, onun yerləşdiyi əraziyə də baxmaq lazımdır. Əgər şəhər mərkəzində mənzil qiymətləri həddindən artıq yüksəkdirsə, nəqliyyat infrastrukturu yaxşı olan ətraf ərazilərdə yeni yaşayış massivlərinin inkişaf etdirilməsi mənzil xərclərini aşağı sala bilər. Uzunmüddətli kirayə müqavilələrinin geniş yayılması, kirayəçilərin hüquqi müdafiəsinin gücləndirilməsi və münasib qiymətli kirayə mənzil fondunun artırılması bazarın sabitliyinə müsbət təsir göstərə bilər. Xüsusilə gənc ailələr və ilk dəfə müstəqil yaşayışa başlayan şəxslər üçün “kirayədən mənzil sahibliyinə keçid” mexanizmləri də nəzərdən keçirilə bilər”.