Uşaqların hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyin “Pulsuz hüquqi yardım haqqında” yeni qanun layihəsinə uyğunlaşdırılması təklif edilir.
Bu məsələ Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu günki iclasında müzakirəyə çıxarılıb. Bu məqsədlə “Uşaq hüquqları haqqında” və “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” qanunlara dəyişikliklərin edilməsi nəzərdə tutulur.
Təklif olunan dəyişikliklər uşaqların hüquqi məsələlər üzrə yardım alması, onların hüquq və qanuni mənafelərinin müdafiəsi üçün hüquqi mexanizmlərin təkmilləşdirilməsinə yönəlib. Xüsusilə hüquqi müdafiəyə ehtiyacı olan və sosial baxımdan həssas vəziyyətdə olan uşaqlar üçün hüquqi yardımın əlçatanlığının artırılması layihənin əsas istiqamətlərindən biridir.
Qanun layihəsi çərçivəsində uşaqların hüquqlarının müdafiəsi ilə bağlı dövlət qurumları və digər aidiyyəti subyektlərin fəaliyyətinin yeni pulsuz hüquqi yardım mexanizminə uyğunlaşdırılması nəzərdə tutulur.
Dəyişikliklərin qəbul olunması uşaqların hüquqlarının müdafiəsi sahəsində mövcud hüquqi mexanizmlərin sistemləşdirilməsinə və onların hüquqi yardım alma imkanlarının artırılmasına xidmət edə bilər.



