Valideynlər tez-tez müşahidə edirlər ki, uşaqlıqda açıq rəngli saçlara sahib olan övladları illər keçdikcə şabalıdı saçlı, hətta qarasaç olur. Bu, göz yanıltması deyil, irsiyyətin, hüceyrə siqnallarının və hormonal dəyişikliklərin mürəkkəb bioloji təsirinin nəticəsidir.
Saç rəngini melanin adlanan xüsusi piqment müəyyən edir. Bu piqment saç follikullarında əmələ gəlir və iki əsas növə bölünür: tünd eumelanin və daha açıq, sarı-qırmızı tonlara cavabdeh feomelanin. Orqanizm nə qədər çox eumelanin istehsal edirsə, saç rəngi bir o qədər tünd olur.
Uşaqlıq dövründə bu proses hələ tam sabit olmur və saçın son rənginin formalaşmasında əsas rolu genlər oynayır. Dublin Universitet Kollecinin dermatologiya professoru Desmond Tobinin sözlərinə görə, saç rənginin necə dəyişməsi əsasən genetik irsiyyətdən asılıdır.
Saçların tündləşməsi ən çox yeniyetməlik dövründə, təxminən 10-13 yaş arasında nəzərə çarpır. Bu zaman estrogen və androgen kimi hormonların fəaliyyəti artır və saç follikullarını daha çox tünd piqment istehsal etməyə sövq edir. Ömrü boyu sarışın qalan insanlarda isə genetik olaraq tünd piqmentin istehsalı daha aşağı səviyyədə olur. Bununla belə, alimlər bu prosesin bütün mexanizmini hələ tam şəkildə izah edə bilmirlər.
Yagellon Universitetinin insan piqmentasiyası üzrə tədqiqatçısı Voyçex Branitski hesab edir ki, DNT-dəki fərqlər səbəbindən uşaqların orqanizmi hormonal dəyişikliklərə müxtəlif cür reaksiya verə bilər. Bəzi uşaqlarda saç follikulları hormonal dəyişikliklərdən sonra daha çox melanin istehsal etməyə başlayır. Digərlərində isə bu dəyişiklik daha zəif olur və saç rəngi demək olar ki, əvvəlki kimi qalır.
Alimlər bildirirlər ki, insan genomundakı fərqlərin öyrənilməsi sahəsində böyük irəliləyişlər əldə edilsə də, saç rənginin yaşla dəyişməsinin bütün səbəbləri hələ də tam aydınlaşdırılmayıb.



