Siyavuş Novruzov Milli Məclisin ötən gün “Aqrar sahə haqqında” qanun layihəsinin müzakirəsi zamanı fermerlərə məxsus özəlləşdirilmiş ərazilərdə əlavə tikintiyə icazə verilməsi ilə bağlı etirazını bildirib.
Deputat deyib: “Fermerin özəlləşdirilmiş 200 hektar torpağı var, lakin öz ərazisində nə anbar, nə ofis, nə digər başqa bir şey tikmək imkanı var. Tikməyə başlayanda deyirlər ki, torpağın kateqoriyası dəyişdirilməlidir. Əgər anbarı olsa, öz məhsulunu öz anbarında saxlasa, başqasının soyuducusuna yığmasa, qışda qiymətlər artanda fermer bunu satışa çıxarsa, daha çox gəlir əldə edə bilər.
Lakin bu kateqoriyanın dəyişdirilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetində yeddi nazirlikdən icazə almaq lazımdır. Yaxşı, bu özəldir, Əmlak Məsələləri Dövlət Xidmətindən niyə icazə alınır? Və yaxud yeddimərtəbəli bina tikmir ki, gedib Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən icazə alsın. Bir ofis tikir ki, həm işçiləri, həm mühasibi orada otursunlar, nahar fasiləsində işçiləri yemək yesinlər, işləyən ailələrə də normal şərait yaradılmalıdır ki, otursunlar”.

Əmlak məsələləri üzrə mütəxəssis Ramil Osmanlı Musavat.com-a şərhində bildirib ki, bu ilin əvvəlində kənd təsərrüfatı təyinatlı torpaq sahələri ilə bağlı tikinti qaydalarına müəyyən dəyişikliklər edilib: 5 hektardan yuxarı olan torpaq sahələrində kənd təsərrüfatı məhsullarının toplanması, saxlanması üçün tikinti obyektləri, o cümlədən orda yaşayan, işləyən personalın yaşaması üçün yaşayış evinin tikintisi üçün icazə artıq torpaq mülkiyyətçisinə verilir.
“Bu hədd torpaq sahəsinin 1%-i həddində müəyyən olunub. İcazə ilə bağlı məsələlərə gəlincə, ümumiyyətlə, bu məsələ Tikinti və Şəhərsalma Məcəlləsi və digər normativ hüquqi aktlarla tənzimlənir. Hesab edirəm ki, kənd təsərrüfatının, aqrar sahənin inkişafı üçün müəyyən güzəştlər tətbiq olunsa, daha yaxşı olar. Məsələn, bəzi tikintilər var ki, icazə tələb olunan tikintilər kateqoriyasında deyil, məsələn, məlumatlandırma icraatı qaydasında həyata keçirilsin.
Amma hər bir halda hesab edirəm ki, ötən il edilən dəyişiklik, yəni o 1% həddinin müəyyən olunması kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün müəyyən qədər stimullaşdırıcı addım idi. Eyni zamanda, Milli Məclisdə bu cür çağırışların edilməsini dəstəkləyirəm. Düşünürəm ki, Azərbaycanda sahənin inkişafı üçün bu cür güzəştlərə ehtiyac var”.



