Ankara ilə Moskva arasında ticarətdə milli valyutalarla hesablaşmalara keçid bank köçürmələri də daxil olmaqla mövcud problemlərin həllinə kömək edə bilər.
Bu barədə Türkiyənin yüksək vəzifəli rəsmilərindən biri “RİA Novosti” agentliyinə bildirib.
Mənbənin sözlərinə görə, Qərb sanksiyalarının yaratdığı çətinliklərin aradan qaldırılması üçün bir neçə variant nəzərdən keçirilir.
“Bu məlum problemin həlli üçün müxtəlif yollar araşdırılır. Hesablaşmalarda milli valyutalardan istifadə məsələsi rəhbərlik səviyyəsində dəfələrlə qaldırılıb və bunun öyrənilməsi üçün tapşırıqlar verilib”, – deyə mənbə qeyd edib.
Agentliyin həmsöhbəti vurğulayıb ki, milli valyutalara keçid məsələsi əlavə və ətraflı araşdırma tələb edir.
Xatırladaq ki, bir müddət əvvəl türkiyəli iqtisadi şərhçi Mustafa Rəcəb Erçin Türkiyənin Rusiya ilə ticarətdə məzənnə fərqi problemi ilə üzləşdiyini və bunun hesablaşmalarda çətinlik yaratdığını açıqlamışdı.




