Parisdə Azərbaycan Xalq Cümhuriyyətinin 104 illiyi münasibətilə konsert keçirildi – FOTO

0
384

Paris şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının 104-cü ildönümü münasibətilə konsert keçirilib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Mədəniyyət Mərkəzində baş tutan tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin və ölkəmizin Fransadakı səfirliyinin dəstəyi, Fransada Azərbaycanın Dostları Assosiasiyasının (ADA) təşkilatçılığı ilə gerçəkləşdirilib.

Tədbirdə Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev, Türkiyə Cümhuriyyətinin Fransadakı səfiri Refik Ali Onaner, Azərbaycanın Fransadakı səfirliyinin müşaviri Nigar Hüseynova, ADA-nın təsisçisi və Fransanın Azərbaycandakı ilk səfiri Jan Perən, diplomatik korpusun, yerli ictimaiyyətin, KİV-lərin və Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.

Konsert öncəsi ADA-nın baş katibi Mirvari Fətəliyeva qurumun prezidenti, Fransa Milli Assambleyasının üzvü Jerom Lamberin təbrik müraciətini Azərbaycan xalqına və qonaqlara çatdırıb.

Tədbirdə çıxış edən Azərbaycanın Fransadakı səfirliyinin müşaviri Nigar Hüseynova 1918-ci il 28 may tarixində müsəlman aləmində ilk dünyəvi demokratik dövlət olan AXC-nin yaranması və fəaliyyəti barədə ətraflı məlumat verib. Azərbaycanın işğaldan azad edilən Qarabağ bölgəsində həyata keçirilən tikinti-abadlıq işlərindən də bəhs edən diplomat nəzərə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2022-ci il “Şuşa İli” elan edilib. Azərbaycanın mədəniyyət paytaxtı olan qədim Şuşa şəhərinin sürətlə yeni intibah dövrünə qədəm qoyduğu vurğulanıb.

Tədbirin bədii hissəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Azərbaycanın Xalq artisti Fidan Hacıyevanın və pianoçu-bəstəkar Könül Hüseynovanın ifasında Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı təqdim edilib. Azərbaycan sənətçilərinin ifası tamaşaçıların alqışları ilə qarşılanıb.