MƏKTƏBSİZ KƏND QALMASIN!

0
530

Şabran rayonunun Zöhramı kəndi. Canım qədər mənə doğma və əziz kəndim. Məni elə bu doğmalıq kəndə çəkib gətirir. Kəndimizin böyük bir problemi var. Kənddə məktəb yoxdur. Bu, kənd sakinlərinin həllolunmaz bir problemi olub, hər kəsi düşündürür.
Hələ ötən yüzilliyin əvvəllərində dayım, anam, üç xalam da kəndin digər uşaqları kimi bu kənddən qonşu kəndə təhsil almağa getmişlər. Min bir əziyyətlə bu yolu piyada gedib-gəlmişlər. Dayım Zülfüqarov Sərdar Baba oğlu kəndimizin ilk geoloq-alimi olub. Qəribədir, o vaxtdan hələ də məktəb problemi həll olunmayıb. Yenə də hər gün palçığın, qarın içi ilə körpə uşaqlar qonşu kəndə piyada gedib-gəlirlər. Bu yolda onları hər an təhlükə gözləyir.
80-ci illərdə Zöhramıda ibtidai məktəb olsa da sonralar ləğv edilib. Bunu da kənddə uşaqların sayının az olması ilə izah edirlər. Zöhramı kəndi nə qədər ucqar, məktəbliləri az olsa da bu yaşayış məntəqəsində yaşayanlar bizim soydaşlarımızdı. Buna görə də bu kəndin məktəbliləri üçun nəqliyyat vasitəsi ayrılması vacibdir. Bu həm də kənd sakinlərinin haqqının, hüququnun qorunması deməkdir. Çantaları özlərindən ağır bu körpələri bu gündəlik əzabdan qurtarmaq lazımdır. Bundan ötrü bir neçə kəndin şagirdlərinə qucaq açan Pirəbədil kənd məktəbinə bir nəqliyyat vasitəsi ayırmaq kifayətdir.
Yeri gəlmişkən qeyd edim ki, mən bu problemi ictimailəşdirən kimi Azad Azərbaycan Televiziyası dərhal Zöhramıya əməkdaşlarını göndərdi, yəni kənddəki şərait işıqlandırıldı. Buna görə Azad Azərbaycan Televiziya Verilişləri rəhbərliyinə də, əməkdaşlara da minnətdarlığımı bildirirəm. Yenə mətləbimin üstünə qayıdıram. Təhsilsiz gələcək yoxdur! Bu qonşu kəndə hər gün piyada gedən uşaqlar bizim gələcəyimizdir. Unutmayaq ki,bu uşaqlar sabahın müəllimi, həkimi, mühəndisi, hərbçisi… olacaqlar. Mənə elə gəlir ki, bu problem tezliklə aidiyyatı qurumlar tərəfindən həll olunacaqdır.

Afaq Mustafayeva