Yer yavaşlayır, günlər uzanır – Alimlər səbəbini açıqladı

Alimlər yeni araşdırma ilə dünyada bir günün 24 saat olması faktının yanlış olduğunu sübut ediblər.

İsveçrə Federal Texnologiya İnstitutunun alimləri tərəfindən aparılan araşdırmaya əsasən, planetin fırlanma sürəti çox az da olsa yavaşlayır.

Bildirilib ki, günlərin uzunluğu son 20 ildə hər əsrdə təxminən 1,33 millisaniyə artacaq sürətlə uzanır. Bu fərq insan həyatı üçün hiss olunmasa da, GPS, peyk sistemləri, naviqasiya və yüksək dəqiqlikli zaman ölçmə texnologiyalarına təsir göstərə bilər.

Mütəxəssislər bu yavaşlamanın əsas səbəblərindən biri kimi qütb buzlaqlarının əriməsini göstərir. Arktika, Qrenlandiya və Antarktidadakı buzların əriməsi nəticəsində suyun okeanlara yayılması Yer kürəsinin kütlə balansını dəyişir və bu da fırlanma sürətini azaldır.

Alimlər bunu buz üzərində fırlanan konkisürən nümunəsi ilə izah edirlər. İdmançı qollarını bədəninə yaxınlaşdıranda daha sürətli fırlanır, qollarını açanda isə fırlanması yavaşlayır.

Yer kürəsində də suyun qütblərdən okeanlara yayılması oxşar təsir yaradır. Əriyən buz planetin səthində yeni kütlə paylanması yaradır. Qütblərdə bərk halda olan su okeanlara yayıldıqda Yer kürəsinin fırlanma oxuna görə mövqeyi dəyişir. Bu da planetin fırlanma sürətində çox kiçik, amma ölçülə bilən bir yavaşlamaya səbəb olur.

Mütəxəssislərin fikrincə, bu dəyişiklik gündəlik həyatda hiss olunmur və günlərin 24 saatdan nəzərəçarpacaq dərəcədə uzanması milyonlarla il çəkə bilər. Lakin prosesin davamlı şəkildə ölçülməsi iqlim dəyişikliyinin planetin fiziki sistemlərinə təsirini də ortaya qoyur.

Qeyd olunub ki, Yer fırlanmasının dəyişməsi yalnız təbii proseslərlə deyil, həm də okean axınları, atmosfer hərəkətləri və Ayın cazibə qüvvəsi ilə bağlıdır.

Qeyd edək ki, araşdırma “Scientific American” jurnalına dərc edilib.