“Zəhərlənmə zamanı ilk yardım olaraq səkkiz-on həb aktivləşdirilmiş kömür qəbul etmək olar. Lakin dərman bağırsaqda toksinləri saxladığına görə imodium həkim resepti olmadan istifadə edilməməlidir”.
Bu barədə “Gazeta.ru”ya rusiyalı həkim Svetlana Quz məlumat verib.
Mütəxəssisin sözlərinə görə, qida məhsullarının düzgün saxlanmaması, az bişmiş ətin yeyilməsi və əl gigiyenasına riayət edilməməsi yay aylarında zəhərlənmələrin əsas səbəbləridir.
“Zəhərlənmə əlamətləri – ürəkbulanma, ishal və qarın ağrısı zamanı ilk növbədə mədəni yumaq lazımdır. Bundan sonra səkkiz-on həb aktivləşdirilmiş kömür və ya iki paket “Smekta” qəbul etmək olar”, – deyə həkim bildirib.
Mütəxəssis xatırladıb ki, zəhərlənmə zamanı ishal və qusma rehidratasiyanın pozulmasına – su itkisinə gətirib çıxara bilər. Bu zaman su ilə yanaşı, biokimyəvi proseslər üçün vacib olan natrium, kalium və xlor kimi duzlar da orqanizmdən itirilir. Elektrolit balansının qorunması üçün “Rehidron” qəbul etmək və bol maye içmək vacibdir.
“Qarında güclü ağrılar zamanı drotaverin (“No-shpa”) faydalı ola bilər. Lakin həkim müayinəsi olmadan imodiumdan (loperamid) istifadə etmək olmaz. Çünki bu dərman toksinləri bağırsaqda saxlayır”, – deyə həkim xəbərdarlıq edib.




