“Yaponiya yeni texnologiya nəhəngi yaradır: “Mitsubishi”, “Toshiba” və “Rohm” birləşə bilər” – KİV-lər

Yaponiyanın güc yarımkeçiriciləri istehsal edən üç aparıcı şirkəti – “Mitsubishi Electric”, “Toshiba” və “Rohm” bizneslərinin birləşdirilməsi imkanını müzakirə edir.

Bu barədə “ixbt.com” nəşri yazıb.

Güc yarımkeçiriciləri bazarında yeni lider formalaşa bilər

Nəşr yazır ki, şirkətlər bu məqsədlə qarşılıqlı anlaşma memorandumu imzalayıb. Razılaşma baş tutarsa, yeni qurum Almaniyanın “Infineon” şirkətindən sonra dünyanın ikinci ən böyük güc çipi istehsalçısına çevrilə bilər. Analitiklərin hesablamalarına görə, birləşmiş şirkət qlobal bazarın təxminən 11 faizinə nəzarət edəcək və illik gəliri 8 milyard dolları ötəcək.

Elektrikli avtomobillərə tələbat planları sürətləndirir

Mütəxəssislər bildirir ki, şirkətlərin texnologiyaları bir-birini tamamlayır. Xüsusilə, elektrik avtomobillərində daha səmərəli işləyən silisium karbidi (SiC) əsaslı komponentlərə tələbatın sürətlə artması bu birləşməni daha da aktuallaşdırır. Belə çiplər elektromobillərin daha sürətli enerji toplamasına və bir doldurma ilə daha uzun məsafə qət etməsinə imkan verir. Proqnozlara görə, qlobal güc yarımkeçiriciləri bazarının həcmi 2028-ci ilə qədər 62 milyard dollara çatacaq.

Razılaşmanın qarşısında maneələr də var

Bununla belə, birləşmə hələ yekunlaşmayıb. Tərəflər şirkətlərin hansı formada birləşdirilməsi ilə bağlı danışıqları davam etdirirlər. Bundan əlavə, “Rohm” bundan əvvəl “Denso” şirkətinin təxminən 1,3 trilyon yapon iyeni (təxminən 14,9 milyard manat) dəyərində satınalma təklifini rədd edib. Hazırda isə “Toshiba”nın mülkiyyət strukturu və şirkətlərin paralel istehsal layihələri də mümkün razılaşmanı çətinləşdirən əsas amillərdən hesab olunur. Yekun qərar hələ qəbul edilməyib.