Xaricdəki Ermənistan vətəndaşları parlament seçkisində iştirak edə bilməyəcəklər?

Xaricdə daimi yaşayan Ermənistan vətəndaşları parlament seçkisində yalnız ölkə (Ermənistan) ərazisində olduqları halda səs verə biləcəklər.

Bu barədə TASS-a Ermənistan Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat katibi Seda Qukasyan bildirib.

Onun sözlərinə görə, 2012-ci ildə Ermənistanın Seçki Məcəlləsinə edilən dəyişikliklər nəticəsində xaricdəki vətəndaşlar ölkədəki seçki proseslərində iştirak hüququndan məhrum ediliblər: “Ermənistanın xaricdəki diplomatik korpuslarının ərazisində səsvermə üçün seçki məntəqələri açılmır. Ermənistan vətəndaşı qanunvericiliyə uyğun şəkildə ölkəsi ərazisində fiziki olaraq mövcud olduqda iradəsini ifadə edə bilər”.

Qukasyan qeyd edib ki, qüvvədə olan qanuna əsasən, istisnanı Ermənistanın xaricdəki diplomatik və ya konsulluq nümayəndəliklərində diplomatik xidmət keçən ölkə vətəndaşları, xaricdə uzunmüddətli xidməti ezamiyyətdə olan və ya təhsil alan hərbçilər, eləcə də onlarla birlikdə yaşayan, seçki hüququ olan ailə üzvləri təşkil edirlər.

Qeyd edək ki, Ermənistanda növbəti parlament seçkisinin bu ilin iyunun 7-də keçirilməsi nəzərdə tutulur.