Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Türkiyənin paytaxtında yerləşən və bundan sonra “Ankara Hava Limanı” adı ilə fəaliyyət göstərəcək “Etimesgut” hərbi hava limanının yenidənqurma və modernləşdirmə işləri tamamlanıb.

ANK kodu ilə fəaliyyət göstərəcək hava limanının rəsmi açılış mərasiminin iyunun 15-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilməsi nəzərdə tutulur.

Yeni hava limanı həm daxili, həm də beynəlxalq reyslərə xidmət göstərəcək. Bu addım xüsusilə beynəlxalq tədbirlər və yüksək səviyyəli protokol səfərləri zamanı yaranan sərnişin və aviasiya yükünün Ankara şəhərindəki “Esenboğa” Hava Limanı ilə bölüşdürülməsinə imkan verəcək.

Məlumata görə, hava limanından iyul ayında Ankarada təşkil olunacaq NATO sammiti çərçivəsində də istifadə edilməsi planlaşdırılır.

Türkiyə rəsmilərinin bildirdiyinə əsasən, “Etimesgut” Hava Limanının modernləşdirilməsi layihəsi səkkiz ay ərzində həyata keçirilib. Layihə çərçivəsində hava limanının bütün texniki sistemləri və uçuş-enmə zolağı beynəlxalq standartlara uyğun şəkildə yenilənib.