“Tramp üçqat tələyə düşüb. O, ən dəyərli olanı qurban verməli olacaq” – “The Economist” (Böyük Britaniya)

“Trampın İran strategiyası onu elə bir vəziyyətə salıb ki, istənilən seçim Vaşinqton üçün müəyyən siyasi və geosiyasi itkilərlə nəticələnə bilər…”

ABŞ-ın İran siyasəti Donald Trampı eyni anda həm hərbi, həm siyasi, həm də iqtisadi təzyiq altında saxlayan çıxılmaz vəziyyətə salıb.

Bu barədə Britaniyanın “The Economist” nəşri yazıb.

Tələyə düşmüş strategiya

Nəşr yazır ki, Vaşinqton ya riskli eskalasiya, ya da zəif kompromis arasında seçim etməyə məcburdur. Hər iki halda nəticə ABŞ üçün əlverişli görünmür. Qeyd edilir ki, Donald Tramp İranla bağlı siyasətində çoxqatlı bir tələyə düşüb və yaxın zamanda hansı istiqamətdə güzəştə gedəcəyini seçmək məcburiyyətində qalacaq.

Məqalədə qeyd olunur ki, Trampın İrana dair “tam məğlubiyyət” iddialarına baxmayaraq, real vəziyyət bunun əksini göstərir: münaqişə davam edir və İran regionda aktivliyini saxlayır. Nəşr bu vəziyyəti “üçqat tələ” kimi xarakterizə edir – hərbi eskalasiya, enerji təhlükəsizliyi və siyasi təzyiqlər eyni anda Trampın manevr imkanlarını məhdudlaşdırır.

Region və daxili təzyiq

Məqalədə bildirilir ki, İranın Hörmüz boğazında gəmi axınını təhdid etməsi qlobal enerji bazarı üçün ciddi risk yaradır. Eyni zamanda İsrailin Livandakı əməliyyatları və ABŞ daxilində “quzğun” adlandırılan dairələrin daha sərt hərbi addımlar tələbi vəziyyəti daha da gərginləşdirir.

Yazıda qeyd olunur ki, bu ziddiyyətlər Vaşinqtonun müttəfiqləri ilə koordinasiyasını çətinləşdirir və Trampın siyasi qərarlarını daha da məhdudlaşdırır. Bundan əlavə, ABŞ-da yanacaq qiymətlərinin artması artıq daxili siyasi narazılıq yaradır və bu vəziyyət seçkilər ərəfəsində əlavə təzyiq amilinə çevrilir.

Məcburi kompromis və zəif sülh

Nəşr hesab edir ki, Tramp üçün ən real çıxış yolu İranla razılaşmadır, lakin bu razılaşma əvvəlki beynəlxalq status-kvonu bərpa etməyəcək. Məqaləyə görə, mümkün ssenari yalnız müvəqqəti atəşkəs və Hörmüz boğazında nisbi sabitlik müqabilində iqtisadi güzəştlərdən ibarət ola bilər.

Nəşr vurğulayır ki, belə bir “sülh” ABŞ üçün zəif və qeyri-sabit görünəcək, lakin alternativ, yəni genişmiqyaslı müharibə və enerji böhranı daha ağır nəticələr doğura bilər. Sonda qeyd olunur ki, Trampın planlaşdırdığı siyasi qələbə əvəzinə ABŞ daha çox idarə olunan itkilərlə üz-üzə qala bilər.