“Qiyamət” radiosu Polşa-Ukrayna gərginliyi fonunda müəmmalı mesaj verdi

Rusiyanın “Qiyamət günü radiosu” kimi tanınan UVB-76 avqustun 13-də efirə dördüncü dəfə çıxaraq müəmmalı kodlu mesaj yayıb.

Bu barədə “UVB-76 loqi” “Telegram” kanalı məlumat yayıb.

“Jujalka”nın son mesajında “NJTI 92731 VYRODOK 2282 9382” ifadəsi səsləndirilib. Mesajdakı rəqəmlərin nə məna daşıdığı, eləcə də “vyrodok” sözünün kodlaşdırılmış məlumatda nəyi ifadə etdiyi məlum deyil.

Eyni gün radiostansiyanın efirində “rasçenka”, “zvukoşnek” və “buroxios” kimi digər müəmmalı sözlərin də səsləndiyi bildirilir.

UVB-76 əsasən fasiləsiz yayımlanan monoton siqnalı ilə tanınır. Ara-sıra bu siqnal kəsilir və efirə mənası ictimaiyyətə açıqlanmayan kodlu mesajlar ötürülür. Radiostansiyanın real təyinatı isə bu günə qədər rəsmi şəkildə açıqlanmayıb.

Maraqlıdır ki, “Qiyamət günü radiosu”nun aktivliyi bəzən mühüm siyasi və hərbi hadisələrlə əlaqələndirilir. Hazırda isə Polşa ilə Ukrayna arasında gərginliyin artması və digər beynəlxalq proseslər fonunda radiostansiyanın yeni mesajı diqqət çəkib.

Qeyd edək ki, UVB-76-nın efirindəki kodların konkret olaraq hansı hadisə ilə bağlı olduğunu təsdiqləyən rəsmi məlumat yoxdur.