Avropanın qaz anbarlarında doluluq səviyyəsi 59 faizdir. Bu, 2009-cu ildən bəri mövsüm üzrə qeydə alınan ən aşağı göstəricidir.
Bu barədə “Bloomberg” məlumat yayıb.
Bildirilib ki, qışa qədər Avropanın kifayət qədər qaz tədarük edib-etməyəcəyi ilə bağlı narahatlıq artır. 2026-cı ildə Yaxın Şərqdəki müharibə və Hörmüz boğazının blokadası dünyanın ikinci ən böyük mayeləşdirilmiş təbii qaz istehsalçısı olan Qətərdən ixracı faktiki olaraq dayandırıb.
Bundan əlavə, “El-Ninyo” hadisəsi və anomal isti hava enerji tələbatını daha da artırıb. Qıtlıq davam edərsə, Avropa qış aylarında istilik və elektrik enerjisinə olan tələbatı ödəmək üçün daha yüksək qiymətlərlə qaz almağa məcbur qala bilər. Hazırda qaz qiymətləri 2025-ci illə müqayisədə təxminən iki dəfə artıb.
Bununla belə, ekspertlər Avropanın qış üçün kifayət qədər yanacaq təmin edə biləcəyini düşünürlər. Əsas risk isə əhali, sənayenin istilik və elektrik enerjisi qiymətlərində yeni artıma tab gətirib-gətirə bilməyəcəyidir.
Qeyd edək ki, ABŞ və İran arasında razılaşma əldə olunaraq Hörmüz boğazı açılsa belə, Qətərdən qaz tədarükünün əvvəlki həcmlərə qayıtması vaxt tələb edəcək.



