İşğal zamanı Qarabağ ərazisində qanunsuz silahlı qruplaşmaların tərkibində xidmət etmiş və bir vaxtlar Ermənistanda pulsuz əmlak əldə etmiş bütün yüksəkrütbəli hərbi qulluqçular yaşayış yerlərini boşaltmaları barədə bildiriş alıblar.
Bu barədə vəkil Roman Yeritsyan məlumat verib.
R.Yeritsyanın sözlərinə görə, söhbət onlarla hərbçidən gedir. Vəkil özü onlardan dördünün maraqlarını təmsil edir: Qarik Safaryan, Armen Kaqramanyan, Feliks Qabrielyan və Vladik Xaçatryan. İstisnasız olaraq hamısı bildirişlər alıb.
Bildirişdə hər hansı əsas göstərilməyib, yalnız bildirilib ki, yaşayış yeri o zaman onlara qanun pozuntuları ilə təqdim edilib, lakin pozuntuların nədən ibarət olduğu göstərilməyib. Yeritsyan müvəkkillərinin işi ilə bağlı məhkəməyə müraciət edib və qərar gözləyir.




