Qara dənizdə ticarət gəmilərinə dron hücumu: Biri batdı

Qara dənizdə Toqo və Palau bayraqları altında hərəkət edən “Alfa Watan” və “Able” adlı ticarət gəmiləri naməlum pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb, xəsarət alanlar var.

Hazırda Bolqarıstan sahillərindən təqribən 80 dəniz mili (130 kilometrə yaxın) məsafədə axtarış-xilasetmə tədbirləri görülür.

Zərbələr nəticəsində ağır zədələr alan “Alfa Watan” gəmisi dənizdə batıb və onun heyət üzvlərinin taleyi barədə hələlik heç bir məlumat yoxdur.

“Able” gəmisində isə hücumdan dərhal sonra yanğın başlayıb. Xilasetmə işlərinə cəlb olunan Bolqarıstana məxsus “Dioscuria” bərəsi vasitəsilə 18 dənizçi təxliyə edilib. Xilas edilənlər arasında yaralıların olduğu bildirilir. Hazırda axtarış və xilasetmə prosesi davam etdirilir.

Bolqarıstan hökumətinin mətbuat xidmətindən verilən açıqlamaya görə, dron hücumu ilə bağlı Baş nazir Rumen Radev təcili iclas çağırıb. Toplantıda Müdafiə və Daxili İşlər Nazirliklərinin, müxtəlif xüsusi xidmət orqanlarının, həmçinin aidiyyəti idarə və qurumların rəsmiləri iştirak ediblər.