Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində beynəlxalq informasiya agentliklərinin rəhbərləri ilə görüşü zamanı 2030-cu ildə yenidən prezidentliyə namizəd olub-olmayacağı ilə bağlı sualı cavablandırıb.
Bu barədə Lenta.ru məlumat yayıb.
Dövlət başçısı bildirib ki, Rusiya Konstitusiyası ona növbəti prezident seçkisində iştirak etmək imkanı verir. Lakin onun sözlərinə görə, bu məsələ barədə danışmaq üçün hələ tezdir.
“Sabaha və ya birisigünə qədər yaşayıb-yaşamayacağımızı, xüsusilə də müəyyən vəzifələri yerinə yetirmək və qarşımıza qoyduğumuz məqsədlərə çatmaq üçün sağlamlığımızın kifayət edib-etməyəcəyini yalnız Tanrı bilir. Bu, həm mənə, həm sizə, həm də burada iştirak edən hər kəsə aiddir”, – deyə Putin vurğulayıb.
Rusiya lideri qeyd edib ki, hazırda ölkənin qarşısında çoxsaylı mühüm və mürəkkəb vəzifələr dayanır. Onun sözlərinə görə, əsas diqqət Rusiyanın gələcəyi naminə həmin problemlərin həllinə yönəldilməlidir.




