İran səfiri “Yazılan və yozulan” verilişində mühüm məsələlərə toxundu – VİDEO

“Yazılan və yozulan” verilişinin növbəti buraxılışında aparıcı Seymur Elsevərin qonağı İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilu olub.
Müsahibə zamanı Azərbaycan–İran münasibətlərinin siyasi, iqtisadi və mədəni istiqamətləri geniş müzakirə edilib. Səfir iki ölkə və iki xalq arasında mövcud olan tarixi, dini və mədəni bağlılığın əməkdaşlığın inkişafı üçün mühüm zəmin yaratdığını vurğulayıb.
Səfir çıxışında media nümayəndələrinin roluna xüsusi diqqət çəkərək bildirib ki, informasiya vasitələri iki xalqın bir-birini daha yaxından tanımasına, qarşılıqlı etimadın və əlaqələrin möhkəmlənməsinə töhfə verməlidir. Onun sözlərinə görə, Azərbaycan və İran arasında münasibətlərin daha da dərinləşməsi üçün həm maddi, həm də mənəvi imkanlar nəzərə alınmalıdır.
Maddi imkanlar sırasında infrastruktur, istehsal və istehlak potensialı, qarşılıqlı iqtisadi əməkdaşlıq və ortaq fayda əldə etmək imkanları qeyd olunub. 
Mənəvi dəyərlər baxımından isə ortaq tarix, ədəbiyyat, mədəniyyət və dini bağların xalqlar arasında yaxınlaşmanı gücləndirən əsas amillərdən olduğu vurğulanıb.
Müsahibə zamanı o da qeyd olunub ki, tarix boyu regionda Azərbaycan və İran arasında soyuqluq yaranmasında maraqlı olan xarici qüvvələr də mövcud olub. Lakin xalqların ortaq dəyərləri, qarşılıqlı hörmət və mehriban qonşuluq münasibətləri bu cür təsirlərin üzərində dayanaraq əməkdaşlığın inkişafı üçün möhkəm əsas formalaşdırır.
Verilişdə səslənən fikirlər Azərbaycan–İran münasibətlərinin gələcək inkişaf perspektivlərinə yeni baxış təqdim etməklə yanaşı, iki dost və qonşu xalq arasında qarşılıqlı anlaşmanın daha da güclənməsinin vacibliyini bir daha diqqətə çatdırıb.