İran Hörmüz boğazı ilə bağlı yeni mexanizm yaratdı – Yalnız bundan sonra…

İran Hörmüz boğazı vasitəsilə gəmilərin tranziti üçün yeni mexanizm tətbiq edir.

Bu barədə ”Press“ TV məlumat yayıb.

Qeyd olunub ki, gəmilərə İranın Fars Körfəzi Administrasiyası (PGSA) tərəfindən tranzit qaydaları haqqında məlumatın yer aldığı elektron məktub göndəriləcək. Bundan sonra gəmilər fəaliyyət planı təqdim etməlidirlər və yalnız bundan sonra keçid üçün icazə ala biləcəklər.

Ötən gün İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidməti son vaxtlar ticarət gəmilərinin Hörmüz boğazından keçmədiyini bəyan edib. Bundan əvvəl isə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) ölkəyə məxsus iki ticarət gəmisinin Hörmüz boğazını keçdiyini bildirmişdi.

Həmçinin ABŞ pezidenti İranla müharibə fonunda blokadaya düşən gəmilərin Hörmüz boğazından çıxarılmasına yönəlmiş “Azadlıq layihəsi” əməliyyatının başladığını elan edib. Təşəbbüs gərginlik zonasında qalan üçüncü ölkələrin gəmiləri üçün təhlükəsiz keçidi təmin etmək məqsədi daşıyır. Vaşinqton əməliyyatın humanitar xarakter daşıdığını vurğulasa da, onun həyata keçirilməsinə mane olmaq cəhdləri ediləcəyi təqdirdə güc tətbiqini istisna etmir.