İMTAHAN HƏYƏCANI PROBLEMİN MAHİYYƏTİ VƏ HƏLL YOLLARI 

 
İmtahan həyəcanı bir çox şəxsin ,şagirdin,tələbənin imtahan dövründə yaşadığı psixoloji vəziyyətdir. Bu həyəcan əsasən uğursuzluq qorxusu, ailə və cəmiyyətin gözləntiləri, eləcə də özünə inamsızlıq nəticəsində yaranır. Müəyyən qədər həyəcan normal hesab olunsa da, həddindən artıq olduqda insanın bilik və bacarıqlarını tam şəkildə ortaya qoymasına mane ola bilər.İmtahan həyəcanının əsas əlamətləri ürək döyüntüsünün artması, əllərin titrəməsi, diqqətin dağılması, yaddaş zəifliyi və bəzən panika hissidir. Belə hallarda şagirdlərin və tələbələrin çoxsu mövzunu bildiyi halda belə suallara düzgün cavab verə bilmir. Bu da nəticələrin real bilik səviyyəsini əks etdirməməsinə səbəb olur.
Bu həyəcanın yaranmasında düzgün planlaşdırılmamış hazırlıq da mühüm rol oynayır. Vaxtında dərs oxumamaq, mövzuları son günlərə saxlamaq imtahana olan stressi artırır. Bundan əlavə, müəllimlərin həddindən artıq təzyiqi də şagirdə və tələbənin psixoloji vəziyyətinə mənfi təsir göstərə bilər.
İmtahan həyəcanının qarşısını almaq üçün bir sıra tədbirlər görmək mümkündür. İlk növbədə, dərsləri vaxtında və planlı şəkildə oxumaq lazımdır. Müntəzəm təkrarlar özünə inamı artırır. İmtahandan əvvəl kifayət qədər yuxu almaq, sağlam qidalanmaq və dərin nəfəs məşqləri etmək də həyəcanı azaltmağa kömək edir. Eyni zamanda, imtahanın insanın dəyərini müəyyən etmədiyini anlamaq psixoloji rahatlıq yaradır.İmtahan həyəcanı hər kəsin qarşılaşa biləcəyi normal bir haldır. Əsas məsələ bu həyəcanı idarə etməyi öyrənməkdir. Düzgün hazırlıq, müsbət düşüncə və özünə inam sayəsində imtahan həyəcanını minimuma endirmək və daha yaxşı nəticələr əldə etmək mümkündür.
İmtahan həyəcanını azaltmaq üçün 5 təsirli texnika.
1.Planlı hazırlıq texnikası
Dərsləri son günə saxlamamaq həyəcanı xeyli azaldır. Günlük və ya həftəlik oxu planı qurmaq mövzulara nəzarət hissi yaradır və özünə inamı artırır.
2.Dərin nəfəs alma texnikası
Həyəcan zamanı 4 saniyə nəfəs alıb, 4 saniyə saxlayıb, 6 saniyə buraxmaq sinir sistemini sakitləşdirir. Bu texnika imtahan zamanı da rahatlıqla istifadə oluna bilər.
3.Müsbət düşüncə texnikası
“Bacarmayacağam” kimi fikirləri “Hazırlıqlıyam və bacararam” düşüncələri ilə əvəz etmək stressi azaldır və diqqəti artırır.
4.Vizual təsəvvür texnikası
Özünü imtahanda sakit, diqqətli və uğurlu şəkildə təsəvvür etmək beyni pozitiv nəticəyə hazırlayır. Bu, özünə inamın artmasına kömək edir.
5.Fasilə və istirahət texnikası
Uzun müddət fasiləsiz oxumaq yorğunluq yaradır. Qısa fasilələr vermək, azca hərəkət etmək və kifayət qədər yuxu almaq zehni daha aktiv saxlayır.

 
Jalə Mirsaab 
ÜLKƏR PSİXOLOGİYA MƏRKƏZİ Rəhbəri.