İki və daha çox dil bilmək beyni 13 il daha gənc saxlayır

Bir neçə xarici dil bilmək təkcə ünsiyyəti asanlaşdırmır, həm də beynin qocalmasını əhəmiyyətli dərəcədə ləngidə bilər. Avropa Neyroelmlər Cəmiyyətləri Federasiyasının konfransında təqdim olunan yeni araşdırma göstərib ki, iki və daha çox dili yüksək səviyyədə bilən insanların beyni daha gec qocalır. Alimlər bildirirlər ki, burada təkcə dillərin sayı deyil, onların nə dərəcədə yaxşı mənimsənilməsi də mühüm rol oynayır.

Tədqiqat üçün alimlər İspaniyanın muxtar bölgəsi olan Bask ölkəsinin sakinlərini seçiblər. Bu regionda yaşayan insanların əksəriyyəti bask, ispan, fransız və ingilis dillərində danışa bilir. Araşdırmanın ilk mərhələsində 728 iştirakçının beyin fəaliyyəti istirahət vəziyyətində xüsusi cihazlar və süni intellekt texnologiyası vasitəsilə qiymətləndirilib. Toplanan məlumatlar əsasında beynin “bioloji saatı” hazırlanıb. Daha sonra həmin modeldən istifadə edilərək ilkin mərhələdə iştirak etməyən daha 144 nəfərin beyninin bioloji yaşı və fəaliyyəti qiymətləndirilib.

Nəticələr alimləri təəccübləndirdi

Araşdırmanın nəticələrinə görə, hər əlavə öyrənilən dil beynin qocalmasını orta hesabla 6 il ləngidə bilir. Üstəlik, xarici dili yüksək səviyyədə bilən insanların beyni daha “gənc” görünür. Ən yaxşı nəticələr isə bir neçə dili uşaqlıq və ya erkən yaşlardan öyrənməyə başlayan şəxslərdə müşahidə olunub.

Xarici dili necə öyrənmək daha faydalıdır?

Mütəxəssislər bildirirlər ki, xarici dil öyrənməyə qrammatika qaydalarından deyil, canlı danışıqdan başlamaq daha effektivdir. Niderlandda aparılan başqa bir araşdırma da göstərib ki, kommunikativ üsulla, yəni danışıq üzərindən öyrənən uşaqlar daha yüksək nəticələr əldə edirlər. Maraqlıdır ki, onların qrammatik dəqiqliyi də ənənəvi üsulla təhsil alanlardan geri qalmır.

Dil öyrənərkən bu səhvlərdən qaçın

Ekspertlər xarici dili plansız, yalnız həvəs olanda öyrənməyi tövsiyə etmirlər. Onların fikrincə, hər gün cəmi bir neçə dəqiqə məşq etmək uzun fasilələrlə keçirilən dərslərdən daha səmərəlidir. Bundan əlavə, sözləri yalnız siyahı şəklində əzbərləmək də effektiv hesab olunmur. Beyin kontekstdən kənar öyrənilən sözləri uzunmüddətli yaddaşda saxlamaqda çətinlik çəkir. Buna görə yeni sözləri cümlə və real situasiyalar daxilində öyrənmək daha faydalıdır. Mütəxəssislər həmçinin mütəmadi olaraq müəllimdən və ya danışıq tərəfdaşından geribildirim almağın vacibliyini vurğulayırlar. Bu, insanın dil səviyyəsini obyektiv qiymətləndirməsinə və inkişaf istiqamətlərini müəyyən etməsinə kömək edir.