Heç bir xəstəlik aşkarlanmayıb, amma qırılırlar: Xəzər sahilində 35 ölü suiti tapıldı

Manqistau Vilayətinin Ekologiya Departamentinin əməkdaşları Qazaxıstanın Xəzər dənizi sahillərində 35 ölü nəsli kəsilməkdə olan suiti aşkar ediblər.

Bu barədə Departamentin mətbuat xidməti məlumat verib.

Məlumata görə, heyvan cəsədləri mayın 19-da bölgənin Tupkaragan rayonunda, Fort Şevçenko şəhəri və Bautino kəndi yaxınlığında tapılıb. Mütəxəssislər hadisə yerindən su nümunələri götürüblər.

Bu ilin əvvəlində də Qazaxıstanın Xəzər sahillərində ölü suitilər tapılmışdı; aprelin sonundan may ayının ortalarına qədər təxminən 300 cəsəd aşkar edilmişdir. Mayın 19-da Manqistau Regional Ekologiya Departamenti də əvvəllər ölü heyvanların tapıldığı yerlərdən götürülmüş su nümunələrində heç bir çirkləndirici maddənin olmadığını bildirmişdi.

Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyi əvvəllər bildirmişdi ki, mütəxəssisləri ölən suitilərdən götürülmüş biomaterialları da sınaqdan keçirirlər, lakin heç bir xəstəlik aşkarlanmayıb. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, heyvanların ölümü zəlzələlərdən qaynaqlanan qaz tullantıları kimi təbii hadisələrlə əlaqəli ola bilər. Rusiyanın Xəzər sahillərində də suiti ölümləri qeydə alınıb.