Bu gün uşaqlardan tez-tez belə fikirlər eşidirik: “Balım çatsa həkim olacağam, çatmasa biologiya müəllimi, o da alınmasa aqronom.” Təxminən otuz ildir davam edən bu yanaşma təhsil seçimlərini maraq və bacarıqlardan çox, toplana bilən bala bağlayır.
Bunu elm və təhsil naziri Emin Əmrullayev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış “Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi” adlı tədqiqat hesabatının və “Uşaqlar və Hüquq” adlı kitabın təqdimat mərasimində bildirib.
Onun sözlərinə görə, bu düşüncə dəyişmədiyi müddətdə ciddi irəliləyiş əldə etmək çətin olacaq.
“Bütün diqqəti topladığı bala və gələcəkdə hansı ixtisasa qəbul olacağına yönəlmiş uşağa nə qədər hüquq təhsili versən də, onun marağını və motivasiyasını formalaşdırmaq asan olmayacaq. Buna görə də yanaşmanı dəyişməliyik. Bu, uşağın günahı deyil; cəmiyyətin onun üzərinə qoyduğu yükdür”.
Nazir həmçinin qeyd edib ki, ibtidai təhsildə xüsusi yanaşmalar tətbiq edərək tədrisin keyfiyyətini yüksəldə bilsək, bunun nəticələrini yaxın 10-15 il ərzində görəcəyik.
“Bu gün keçirilən sertifikatlaşdırma imtahanları da məhz ibtidai təhsilin keyfiyyətinin artırılmasına xidmət edir. İbtidai təhsil güclü olarsa, gələcəkdə daha peşəkar hüquqşünaslarımız, müəllimlərimiz, həkimlərimiz və digər mütəxəssislərimiz olacaq. Çünki təhsildə əsas məsələ fundamentdir.
Fundament möhkəm olmayanda, onun üzərində nə qurursansa qur, dayanıqlı olmayacaq”.




