Fransa ilə bağlı dəhşətli faktlar: 1600 uşağı ailəsindən zorla alıblar

“Reyunyon adası artıq 400 ildir kapitalizm və Fransa müstəmləkəçiliyinin ikili təzyiqi altında yaşayır və bu vəziyyət ən çox gənclərə təsir edir”.

Bunu Bakıda keçirilən “Postkolonial dövrdə gənclərin rolunun gücləndirilməsi” adlı beynəlxalq gənclər forumundakı çıxışında “Ka Ubuntu” azadlıq hərəkatının üzvü Orlan Paristan deyib.

O bildirib ki, adada gənclər arasında işsizlik səviyyəsi 24 faizə çatır, Mayot adasında isə bu göstərici 59 faizdir:

“Bu rəqəmlər imperialist sistemin nəticəsidir və həmin sistem cəmiyyətləri iqtisadi maraqlar naminə zəiflədir. Fransanın müstəmləkə ərazilərində gənclər yoxsulluq, psixoloji problemlər və artan zorakılıqla üzləşirlər”.

Hərəkat üzvü deyib ki, 1962-84-cü illər arasında 1 600-dən çox reyunyonlu uşaq ailələrindən zorla ayrılaraq Fransaya aparılıb. Onun sözlərinə görə, bu, müstəmləkə siyasətinin real və gizlədilən tərəflərindən biridir.

O, təəssüflə qeyd edib ki, xüsusi hərbi proqramlar vasitəsilə gənclər Fransa ordusuna cəlb olunurlar:

“Təhsil sahəsində isə bir çox ixtisasların adada mövcud olmaması səbəbindən gənclər ölkəni tərk etməyə məcbur qalırlar. Nəticədə ada intellektual potensialını itirir və xaricdən gələnlər yerli gənclərin tuta biləcəyi vəzifələri tuturlar. Müasir dövrdə informasiya imkanları gənclərə alternativ baxışları görmək imkanı yaradır.

Mədəniyyət və dilin qorunması da mübarizənin əsas istiqamətlərindəndir və gənclərin şüurlanması dekolonial gələcəyin qurulması üçün əsas şərtdir”.