Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər.
8886 nəfərin iştirak etdiyi araşdırma göstərib ki, ev mühitinin səs-küy, işıqlandırma və təhlükəsizlik hissi kimi xüsusiyyətləri narahatlıq səviyyəsi ilə əlaqəli ola bilər. Psixoloqlar buna görə yalnız düşüncə və vərdişlərə deyil, hər gün vaxt keçirdiyiniz ev mühitinə də diqqət yetirməyi məsləhət görürlər.
Dağınıqlıq və yarımçıq işləri xatırladan əşyalar
Masadakı əşya yığınları, stulların üzərində qalan paltarlar, kağızlar və artıq istifadə olunmayan əşyalar daimi vizual qarışıqlıq yaradır. Bu isə insanın beyninə əlavə stimul verərək stressi artıra bilər. UCLA-nın araşdırmalarında da evdəki dağınıqlığın stress göstəriciləri ilə əlaqəli olduğu müəyyən edilib.
2025-ci ildə aparılan başqa bir araşdırmada isə evdə daha çox dağınıqlığın psixoloji rifahın aşağı olması ilə əlaqəsi göstərilib. Bunun üçün bütün evi bir anda təmizləmək vacib deyil. İlk növbədə daim göz önündə olan səthləri səliqəyə salmaq kifayətdir.
Çox parlaq və soyuq işıq
Axşam saatlarında həddindən artıq parlaq işıq orqanizmin istirahət rejiminə keçməsinə mane ola bilər. Xüsusilə yataq otağında soyuq ağ işığın və güclü lampaların daim yanması rahatlamağı çətinləşdirir.
Araşdırmalar gecə işıqlandırılması ilə psixoloji gərginlik və yuxunun keyfiyyəti arasında əlaqə olduğunu göstərir. Axşam saatlarında daha yumşaq, lokal işıqlandırmadan istifadə etmək, yataq otağını isə mümkün qədər qaranlıq saxlamaq tövsiyə edilir.
Daimi səs-küy
Televizorun səsi, məişət texnikasının gurultusu, küçədən və ya blokdan gələn səslər zamanla adiləşsə də, orqanizm üçün fon gərginliyi yarada bilər. 2025-ci ildə aparılan sistemli araşdırmalardan biri göstərib ki, səs-küyün yaratdığı narahatlıq və yuxu pozuntuları psixi sağlamlığa mənfi təsirlərlə əlaqəli ola bilər. Buna görə evdə ən azı bir otağın, xüsusilə yataq otağının mümkün qədər sakit olması məsləhətdir.
İstirahət zonasındakı iş masası və noutbuk
Kompüter, sənədlər və digər iş materialları daim göz önündə olduqda beynin həmin məkanı istirahət yeri kimi qəbul etməsi çətinləşə bilər. Bu, xüsusilə evdən işləyən insanlar üçün aktualdır. Ayrı iş otağınız yoxdursa, iş bitdikdən sonra noutbuku, sənədləri və digər iş əşyalarını heç olmasa göz önündən yığışdırmaq faydalı ola bilər.
Pis xatirələri yada salan əşyalar
Keçmişdə yaşanan çətin dövrü, xoşagəlməz münasibəti və ya mənfi emosiyaları xatırladan əşyalar insana güclü emosional təsir göstərə bilər. Burada söhbət həmin əşyanın birbaşa panik ataka səbəb olmasından getmir.
Əsas məsələ onun insanda hansı assosiasiyalar yaratmasıdır. Əgər hansısa əşya sizdə hər dəfə narahatlıq, qıcıqlanma və ya xoşagəlməz xatirələr yaradırsa, onun evdə qalmasının həqiqətən vacib olub-olmadığını düşünmək olar.



