Ermənistanda seçkiqabağı proseslər artıq son mərhələyə daxil olub. Küçələrdə siyasi fəallıq kəskin artıb, iri şəhərlərdə ard-arda mitinqlər keçirilir, paytaxtda isə əsas siyasi qüvvələr seçki gününə hazırlıq üçün son gücünü səfərbər edir. İctimai-siyasi atmosferin getdikcə gərginləşdiyi bir vaxtda, həm daxili siyasi rəqabət, həm də xarici güclərin təsiri ölkənin gələcək siyasi mənzərəsi ilə bağlı sualları daha da artırır.
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru, politoloq Fərhad Məmmədov Ermənistanda gedən prosesləri şərh etdi, seçki kampaniyasının son vəziyyəti və mümkün nəticələrlə bağlı fikirlərini bölüşdü.
Küçələrdə seçki ab-havası: mitinqlər və son hazırlıqlar
Politoloqun sözlərinə görə, Ermənistanda seçkiqabağı kampaniya artıq son həftəsinə daxil olub və bu mərhələ xüsusilə yüksək fəallıqla müşahidə edilir. Onun bildirdiyinə görə, iri şəhərlərdə kütləvi aksiyalar başlayıb və siyasi qüvvələr seçicini səfərbər etmək üçün son mitinqlərini keçirir:
“Gümrü şəhərində müxalifətin əsas namizədi Samvel Karapetyanın böyük mitinqi keçirilib və bu, kampaniyanın gərginliyini daha da artırıb. Eyni zamanda, əsas siyasi qüvvələrin paytaxtda genişmiqyaslı aksiyalara hazırlıq gördüyünü təsdiq edib”.
Fərhad Məmmədovun fikrincə, artıq siyasi baxımdan deyiləcək bütün əsas mesajlar səsləndirilib və indi həlledici məqam təşkilatlanma qabiliyyətidir. Yəni nəticə, seçicilərin məntəqələrə nə dərəcədə cəlb edilə bilməsindən asılı olacaq.
Xarici faktorlar: Rusiya və Qərbin açıq rəqabəti
Fərhad Məmmədov bildirdi ki, müxalifət qüvvələrinə ciddi dəstəyi Rusiya verir. Onun sözlərinə görə, Vladimir Putin və Rusiya hakimiyyətinin müxtəlif səviyyələrdə atdığı addımlar həm Ermənistanda ictimai rəyə təsir göstərir, həm də rusiyapərəst siyasi qüvvələrin əsas təbliğat xəttini formalaşdırır.
O əlavə etdi ki, Rusiyadan Ermənistana maliyyə axınları və əmək miqrasiyası da seçki prosesinə təsirsiz ötüşmür. Onun fikrincə, bu resursların seçkiöncəsi mərhələdə siyasi məqsədlərlə istifadə olunması ehtimalı da var.
“Eyni zamanda Ermənistan hökuməti bir sıra regionlarda seçki korrupsiyası ilə bağlı cinayət işləri açır və bu proses demək olar ki, gündəlik xarakter alıb”, – deyə politoloq qeyd etdi.
Seçkidən sonrakı dövr: etirazlar və qeyri-müəyyən ssenarilər
Məmmədovun proqnozuna görə, hazırkı baş nazir Nikol Paşinyan nisbətən yüksək səs faizi toplaya bilər. Lakin onun sözlərinə görə, ən kritik mərhələ seçki günü və ondan sonrakı iki gün olacaq.
Politoloq bildirdi ki, artıq rusiyapərəst qüvvələrin etiraz aksiyalarına hazırlaşdığı görünür və bu aksiyaların hansı istiqamət alacağı hələlik proqnozlaşdırıla bilmir.
Eyni zamanda o vurğuladı ki, Paşinyan tərəfini Avropa İttifaqı, ABŞ və Qərb ölkələri açıq şəkildə dəstəkləyir. Bu dəstək müxtəlif formalarda – siyasi açıqlamalar, səfərlər və informasiya müstəvisində əks-təbliğat vasitəsilə özünü göstərir.
“Paşinyanın seçki sonrası legitimliyini qoruması üçün öz elektoratını yaxşı təşkil etməsi vacibdir. Xüsusilə hüquq-mühafizə orqanlarının seçkidən sonrakı mövqeyi və hakimiyyətə loyal davranışı proseslərin taleyinə ciddi təsir göstərəcək”, – deyə Fərhad Məmmədov fikrini tamamladı.




