“Əgər ölüm əvvəlcədən təqdir olunubsa, bəs intihar və ya qətl niyə böyük günah sayılır?..”-CÜMƏ BƏHSLƏRİ

“Kim doğru yolu seçərsə, bunu öz xeyrinə etmiş olar. Kim də azarsa, yalnız öz zərərinə azar. Heç bir günahkar başqasının günahını daşımaz. Biz peyğəmbər göndərməmiş (heç kəsə) əzab verən deyilik…”- Qurani-Kərim

“Bu Quran ayələri insanın seçim iradəsinə malik olduğunu açıq şəkildə göstərir. Allah-Təala insana ağıl, vicdan və seçim qabiliyyəti verib, doğru ilə yanlışı ayırd etməsi üçün peyğəmbərlər və ilahi kitablar göndərib…”

“Filankəsin intihar edəcəyi, filankəsin qətl törədəcəyi və ya başqa bir günah işləyəcəyi Allahın əzəli elmində məlumdur. Lakin bu bilik həmin insanı bu əməli etməyə məcbur etmir…”

“Beləliklə, qədər insanı günaha məcbur edən hökm deyil; o, Allahın əzəli elminin təcəllisidir…”

İnsanı ən çox düşündürən etiqadi məsələlərdən biri də qədər və insan iradəsi arasındakı münasibətdir. Allah tərəfindən Peyğəmbərləri vasitəsilə göndərilən səmavi dinlər, onları insanlara çatdıran Müqəddəs Kitablar  Yer üzünə nazil olandan günlərdən bəri tez-tez  belə bir sual səsləndirilir: 

Əgər hər bir insanın ölüm vaxtı Allah tərəfindən əvvəlcədən müəyyən edilibsə, onda intihar edən və ya qatil niyə günahkar hesab olunur?”

Moderator.az budəfəki “Cümə bəhsləri” rubrikasında sözügedən suala Qurani-Kərim, sünnə və klassik İslam ilahiyyatının prinsipləri əsasında cavab verməyə çalışır:

İslam alimləri bu suala əsrlər boyu eyni prinsiplə cavab veriblər: Allahın əzəli elmi insanın iradəsini məhdudlaşdırmır. Uca Allah hər şeyi əvvəlcədən bilir, lakin insanı seçim etməyə məcbur etmir.

Sual:

-Əgər hər bir insanın ölüm vaxtı və taleyi Allah tərəfindən əvvəlcədən təqdir edilibsə, onda nə üçün intihar edən və ya qətl törədən şəxs cinayətkar sayılır? Əgər hər şey qədərdə yazılıbsa, onların məsuliyyəti nədən ibarətdir?..

Cavab

-Şübhəsiz ki, Uca Allah keçmişi də, indini də, gələcəyi də sonsuz elmi ilə əhatə edir. O bilir ki, kim nə vaxt, harada və hansı səbəbdən vəfat edəcək; kim öz həyatına qıyacaq, kim isə başqasının əli ilə öldürüləcək. Eləcə də Allah-Təala Cənnət əhlini də, Cəhənnəm əhlini də əzəldən bilir.

Lakin Allahın hər şeyi bilməsi insanın məcbur edilməsi anlamına gəlmir. Qurani-Kərimdə buyurulur:

“Kim doğru yolu seçərsə, bunu öz xeyrinə etmiş olar. Kim də azarsa, yalnız öz zərərinə azar. Heç bir günahkar başqasının günahını daşımaz. Biz peyğəmbər göndərməmiş (heç kəsə) əzab verən deyilik…”

(əl-İsra surəsi, 15-ci ayə).

Başqa bir ayədə isə belə buyurulur:

“Bu, Rəbbinizdən gələn həqiqətdir. Kim istəyirsə inansın, iman gətirsin, kim də istəyirsə inkar etsin…”

(əl-Kəhf, 29-cu ayə).

Bu Quran ayələri insanın seçim iradəsinə malik olduğunu açıq şəkildə göstərir. Allah-Təala insana ağıl, vicdan və seçim qabiliyyəti verib, doğru ilə yanlışı ayırd etməsi üçün peyğəmbərlər və ilahi kitablar göndərib.

Bu həqiqəti sadə bir nümunə ilə izah etmək olar.

Təqvimlərdə Günəşin il ərzində hər gün hansı saatda doğacağı və batacağı əvvəlcədən qeyd edilir. Günəş də məhz həmin vaxtlarda doğur və batır. Lakin bu hadisə təqvimdə yazıldığı üçün baş vermir. Təqvim sadəcə əvvəlcədən məlum olan bir həqiqəti əks etdirir.

Qədər də buna bənzəyir. Allah-Təala insanın gələcəkdə hansı seçimi edəcəyini sonsuz elmi ilə bildiyi üçün həmin əməllər qədərdə yazılmışdır. İnsan isə bu əməlləri ona görə etmir ki, onlar qədərdə qeyd olunub. Əksinə, Allah onun hansı seçimi edəcəyini bildiyi üçün bu seçimlər qədərdə öz əksini tapıb. Məhz buna görə də filankəsin intihar edəcəyi, filankəsin qətl törədəcəyi və ya başqa bir günah işləyəcəyi Allahın əzəli elmində məlumdur. Lakin bu bilik həmin insanı bu əməli etməyə məcbur etmir.

Qurani-Kərimdə insan həyatının toxunulmazlığı xüsusi vurğulanır:

“…Özünüzü öldürməyin. Həqiqətən, Allah sizə qarşı mərhəmətlidir.”

(ən-Nisa, 29).

Başqa bir ayədə isə buyurulur:

“…Heç kəsi haqsız yerə öldürməyin…”

(əl-İsra, 33).

Peyğəmbərimiz Həzrət Məhəmməd (s.ə.s.) də intiharın ağır günah olduğunu bildirərək buyurmuşdur:

“Kim özünü hansı vasitə ilə öldürərsə, Qiyamət günü həmin vasitə ilə əzab çəkər…”

(Səhih əl-Buxari, “Tibb”, 56; Səhih Müslim, “İman”, 175).

Deməli, qatil törətdiyi cinayətə görə məsuliyyət daşıyır. Öz həyatına qəsd edən şəxs isə Allahın ona əmanət etdiyi canı qəsdən əlindən aldığı üçün ağır günah qazanır və bu əmələ görə cavabdeh olur.

İslam əqidəsinə görə, qədər Allahın sonsuz elmidir, insanın iradəsini ləğv edən məcburiyyət deyil. Allah hər şeyi bilir, insan isə öz seçiminə görə məsuliyyət daşıyır. Məhz buna görə Qurani-Kərimdə dəfələrlə insanların öz əməllərinə görə sorğu-sual olunacağı bildirilir.

Beləliklə, qədər insanı günaha məcbur edən hökm deyil; o, Allahın əzəli elminin təcəllisidir. İnsan isə doğru ilə yanlış arasında seçim etmək azadlığına malikdir və axirətdə məhz bu seçimlərinə görə hesaba çəkiləcəkdir.