Məşhur tiktoker Nikolay Lebedev və həyat yoldaşı Moldovanın paytaxtı Kişinyovda narkotik alveri və narkotik istifadəsi üçün yer təşkil etməkdə şübhəli bilinərək saxlanılıb.
Bu barədə “Kp.ru” məlumat yayıb.
Bildirilib ki, Nekoqlay kimi tanınan fenomen “TikTok” vasitəsilə yeniyetmələri narkotik istifadəsinə cəlb edərək onları evinə dəvət edib. Polis tərəfindən keçirilən əməliyyat zamanı onun evində narkotik maddə, həmçinin narkotiklərin hazırlanması və qablaşdırılması üçün avadanlıq aşkarlanıb.
Blogerin hüquq-mühafizə əməkdaşlarına müqavimət göstərərək onlara hücum etdiyi bildirilir. Rusiya vətəndaşı olan həyat yoldaşı isə qaçmağa çalışsa da, saxlanılıb. Onlar 72 saat müddətinə tutulublar. Təqsirləri sübuta yetirilərsə, 7 ildən 15 ilədək həbs cəzası ilə üzləşə bilərlər.
Qeyd edək ki, Nekoqlay 2022-ci ildə Rusiya ordusunun əsgəri ilə bağlı paylaşdığı videoya görə Rusiyadan deportasiya edilərək Moldovaya göndərilib.



