Çin Xalq Respublikasının sədri Si Cinpin sentyabrın 23-25-də ABŞ-a dövlət səfəri edəcək. Səfər ABŞ prezidenti Donald Trampın dəvəti ilə baş tutacaq.
Bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.
XİN-dən bildirilib ki, səfər çərçivəsində Si Cinpin və Donald Tramp Çin-ABŞ münasibətləri, eləcə də dünya sülhü və inkişafı ilə bağlı əsas məsələləri müzakirə edəcəklər. Çin tərəfi iki liderin altı ay ərzində qarşılıqlı səfərlərini münasibətlər tarixində mühüm mərhələ kimi qiymətləndirib.
Bildirilib ki, Pekin Vaşinqtonla dialoq və əməkdaşlığı gücləndirmək, fikir ayrılıqlarını düzgün idarə etmək və iki ölkə xalqlarının rifahına töhfə vermək niyyətindədir.
Qeyd edək ki, Tramp daha əvvəl Si Cinpinin sentyabrda ABŞ-a səfərini səbirsizliklə gözlədiyini bildirmişdi. Liderlərin görüşündə ticarət, süni intellekt, Tayvan və digər qlobal məsələlərin də gündəmə gələcəyi gözlənilir.



