Qafqaz Albaniyası irsi: Ermənistan ərazisində nələr baş verib?

Qafqaz Albaniyasının tarixi-mədəni irsi ilə bağlı mübahisələr yalnız Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki abidələrlə məhdudlaşmır. Tarixi mənbələr və müxtəlif araşdırmalar göstərir ki, indiki Ermənistan ərazisində də qədim alban irsi ilə əlaqələndirilən abidələr və izlər mövcud olub. Bu baxımdan həmin abidələrin taleyi, onların üzərində aparılan dəyişikliklər və ayrı-ayrı mədəni nümunələrin başqa ərazilərə daşınması məsələsi də ayrıca araşdırma tələb edir.

Azərbaycan ərazisindəki alban irsi nümunələrinin dəyişdirilməsi, epiqrafik yazıların silinməsi və abidələrin başqa kimliyə aid edilməsinə dair irəli sürülən iddialar fonunda Ermənistan ərazisindəki alban irsinin vəziyyətinin öyrənilməsi xüsusi əhəmiyyət daşıyır.

Mədəni irsin araşdırılması üzrə ekspert, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov da bu məsələnin elmi əsaslarla araşdırılmasının vacibliyini bildirir.

Onun sözlərinə görə, Qarabağda alban irsinin izlərinin öyrənilməsi zamanı yalnız abidələrin memarlıq xüsusiyyətləri deyil, onların üzərindəki epiqrafik yazılar da mühüm mənbə kimi nəzərə alınmalıdır. Bu baxımdan Xocavənd rayonunun Tağaser kəndi ərazisində yerləşən Kitış məbədi xüsusi maraq doğurur.

Tarixi məlumatlara əsasən, Tuğ dağının şimal-şərq yamacının aşağı hissəsində, meşəlik ərazidə yerləşən məbəd qədim dövrlərdən Qarabağın şərq hissəsinin mühüm siyasi və mənəvi mərkəzlərindən biri olub. Məbədin Alban yeparxiya mərkəzi kimi fəaliyyət göstərdiyi, VIII əsrdən etibarən isə Dizak naiblərinin himayəsində olduğu bildirilir.

Məbədin yaxınlığında yerləşən Kitış qalası da bölgənin siyasi tarixində mühüm rol oynayıb. XIII əsrdə yeni tikililərlə genişləndirilən kompleks sonrakı dövrlərdə Dizak məliklərinin əsas dini-mədəni mərkəzlərindən birinə çevrilib.

Faiq İsmayılovun diqqət çəkdiyi əsas məqamlardan biri Kitış məbədində qorunmuş epiqrafik nümunələrdir. Onun bildirdiyinə görə, məbədin divarlarında və ərazidəki xaçdaşlarda olan qədim yazıların bir hissəsi işğal dövründə silinib və onların yerinə ermənicə əlavələr edilib. Bu iddialar abidənin ilkin tarixinin müəyyənləşdirilməsini çətinləşdirən məsələlər kimi təqdim olunur.


Tarixçinin sözlərinə görə, məbəd üzərindəki bəzi yazıların sonradan dəyişdirilməsi ilə bağlı məsələlər ayrıca elmi araşdırma tələb edir. Eyni zamanda, məbədin tikinti tarixinin də gələcək tədqiqatlar nəticəsində daha dəqiq müəyyənləşdirilməsinə ehtiyac var.

Faiq İsmayılov həmçinin bildirir ki, 1913-cü ildə məbəddən çıxarılaraq Ermənistana aparıldığı deyilən iki bədii daş nümunəsi hazırda İrəvandakı Matenadaran muzeyində 7822 və 7823 nömrələri altında saxlanılır. Bu nümunələrin mənşəyi və daşınma tarixinin arxiv sənədləri əsasında araşdırılması onların elmi və hüquqi statusunun müəyyənləşdirilməsi baxımından əhəmiyyətli ola bilər.

Kitış məbədi memarlıq baxımından da diqqətçəkən abidədir. Əsas bina sarımtıl daş bloklardan inşa olunub. Mərkəzi hissədə günbəzli salon, yarımdairəvi apsis və yan dəhlizlər yerləşir. Fasadlarda üçbucaqlı nişlərə, pəncərə ətraflarında isə ornamentli daş işləmələrə rast gəlindiyi bildirilir. Mütəxəssisin fikrincə, məbədin dekorativ elementləri Qarabağdakı digər alban memarlığı nümunələri ilə müqayisəli şəkildə araşdırılmalıdır.

Məbəd kompleksinin ərazisində Dizak məliklərinə aid məzar daşlarının olduğu, qərb hissəsində isə yaşayış tikililərinin və qala divarlarının qalıqlarının qorunduğu bildirilir. Bu səbəbdən kompleksin yalnız dini tikili kimi deyil, həm də ətraf ərazi ilə birlikdə çoxqatlı tarixi-mədəni abidə kimi tədqiq edilməsi vacib hesab olunur.

Faiq İsmayılovun sözlərinə görə, Kitış məbədi 1992-ci ildə Ermənistan silahlı qüvvələrinin bölgəni işğal etməsindən sonra müxtəlif müdaxilələrə məruz qalıb. Tarixçinin bildirdiyinə görə, 2007-ci ildə aparılan “bərpa işləri” zamanı abidənin bəzi ornamental elementləri məhv edilib, tikilinin ilkin görünüşündə dəyişikliklər aparılıb, divarlardakı bəzi yazı və bədii nümunələrə müdaxilə olunub.

Onun fikrincə, abidənin ətrafındakı qəbiristanlığın da işğal dövründə dağıdılması məsələsi ayrıca araşdırılmalıdır. Bu baxımdan məbədin və ətrafındakı qəbiristanlığın əvvəlki və sonrakı vəziyyətini əks etdirən fotoşəkillərin, arxiv materiallarının və digər sənədlərin müqayisəli şəkildə öyrənilməsi mühüm əhəmiyyət daşıyır.

Tarixçi Kitış məbədinin taleyini Qarabağdakı digər tarixi-mədəni abidələrin vəziyyəti ilə əlaqələndirir. Onun təqdim etdiyi məlumatlara əsasən, işğal dövründə bölgədə məscidlər, türbələr, qəbiristanlıqlar, muzeylər, kitabxanalar və digər mədəniyyət obyektləri də zərər görüb.

Tarixçinin qeyd etdiyi digər məsələ müxtəlif illərdə Azərbaycan ərazilərindən daşındığı bildirilən mədəni sərvətlərin Ermənistana aparılması, ayrı-ayrı nümunələrin xarici ölkələrdə satışa çıxarılması və abidələrin üzərində dəyişikliklər edilməsi ilə bağlı məlumatlardır. Onun fikrincə, bu faktların hər biri ayrıca sənədləşdirilməli, ilkin mənbələr əsasında elmi və hüquqi müstəvidə araşdırılmalıdır.


Kitış məbədi kimi abidələrin tədqiqi yalnız onların memarlıq xüsusiyyətlərinin öyrənilməsi ilə məhdudlaşmamalıdır. Arxeoloji qazıntılar, epiqrafik materialların araşdırılması, arxiv sənədlərinin müqayisəsi, tarixi xəritələrin təhlili və abidənin əvvəlki vəziyyətini əks etdirən fotoşəkillərin öyrənilməsi bütöv mənzərənin formalaşdırılması baxımından əhəmiyyətlidir.

F. İsmayılovun sözlərinə görə, əsas məqsəd tarixi faktları mümkün qədər çox və müstəqil mənbə əsasında müəyyənləşdirmək, Qarabağın qədim mədəni irsini elmi şəkildə sənədləşdirmək və abidələrin əvvəlki vəziyyəti ilə sonrakı dəyişiklikləri müqayisəli şəkildə ortaya qoymaqdır:

“Bu kontekstdə Azərbaycanın işğal altında olmuş ərazilərində mədəni irslə bağlı müxtəlif pozuntular barədə də məlumatlar var. Həmin məlumatlara əsasən, 1993-cü ildə Laçın rayonunun Tarix və Diyarşünaslıq Muzeyindən götürülərək Ermənistana aparıldığı bildirilən gümüş əl çantası sonradan Londondakı “Sotheby’s” auksionunda 80 min ABŞ dollarına satılıb.

1998-ci ildə Laçın rayonunun Mığıdərə kəndinin cənub-qərbində yerləşən məbədin üzərindən çıxarıldığı bildirilən yazılı daş nümunəsinin isə İrəvandakı Matenadaran qədim əlyazmalar muzeyində 3437 nömrə altında saxlanıldığı qeyd edilir. Eyni məlumatlarda Xocavənd rayonunun Tağaser kəndi ərazisindəki Kitışvəng abidəsindən götürüldüyü bildirilən iki bədii daş nümunəsinin də Matenadaranda 7822 və 7823 nömrələri altında saxlanıldığı göstərilir”.

Tarixçi qeyd edir ki, bundan başqa, 1993–2016-cı illərdə ABŞ, Almaniya, Fransa, İngiltərə, Səudiyyə Ərəbistanı və digər ölkələrdə Azərbaycan muzeylərindən 1992-ci ildə qarət edilərək aparıldığı bildirilən xalçaların erməni brendi altında satışa çıxarıldığı barədə məlumatlar yayılıb:

“Təqdim olunan məlumatlarda Ermənistanın işğal altında saxladığı ərazilərdə 68 müsəlman məscidinin tamamilə dağıdıldığı, 4 məscidin isə sökülərək tanınmaz vəziyyətə salındığı bildirilir. Həmçinin tarixi əhəmiyyət daşıdığı qeyd olunan 71 türbə və 150 qəbiristanlığın tamamilə, 250 qəbiristanlığın isə qismən dağıdıldığı barədə məlumat verilir.

Daşınan mədəni irslə bağlı təqdim olunan rəqəmlərə əsasən, 23 muzeydən 102 757 muzey eksponatı, 4 Dövlət Rəsm Qalereyasından 376 rəsm əsəri, 761 kitabxanadan 4,6 milyon kitab, 13 arxivdən 260 min arxiv sənədi, eləcə də vətəndaşların şəxsi kolleksiyalarında saxlanılan 50 mindən çox tarixi əhəmiyyətli ov və məişət əşyasının Ermənistana aparıldığı iddia olunur. Bu məlumatlarda həmin nümunələrin bir qisminin xarici ölkələrdə satışa çıxarıldığı, bir qisminin müxtəlif şəxslərə hədiyyə edildiyi, digər hissəsinin isə İrəvan şəhərində müxtəlif müəssisələrdə və şəxsi mülklərdə saxlanıldığı bildirilir.

Məlumatlara görə, 64 bağ-park, monumental və xatirə abidəsi dağıdılaraq erməni xatirə abidələri ilə əvəzlənib, 1814 memarlıq abidəsinin adı dəyişdirilərək erməni tarix və mədəniyyət abidələri kimi təqdim olunub. Həmçinin 50 daşınmaz tarix və mədəniyyət abidəsində qeyri-qanuni təmir işləri aparıldığı, onların formasının dəyişdirildiyi və divar yazılarının silindiyi barədə iddialar mövcuddur.

Təqdim olunan məlumatlarda 20 Qafqaz Albaniyası dövrünə aid bazilika və məbəd üzərində zəng qüllələrinin inşa edildiyi də qeyd olunur. Bundan başqa, azərbaycanlıların qovulduğu inzibati yaşayış məntəqələrində və həmin ərazilərin əhatə etdiyi müsəlman qəbiristanlıqlarında 5 mindən çox erməni xaç rəmzinin inşa edildiyi bildirilir.

Arxeoloji irslə bağlı məlumatlarda isə 747 arxeoloji abidə üzərində ABŞ, Rusiya, İngiltərə, Fransa, İspaniya və digər ölkələrin vətəndaşlarının iştirakı ilə qeyri-qanuni qazıntı işlərinin aparıldığı və bununla da həmin fəaliyyətin beynəlmiləlləşdirilməsinə cəhd göstərildiyi faktı var.
Eyni məlumatlara əsasən, 1510 mədəniyyət müəssisəsi, o cümlədən 365 klub, 761 kitabxana və 193 mədəniyyət evi dağıdılaraq məhv edilib”.

Onun sözlərinə görə, bundan əlavə, 1995–2018-ci illərdə Azərbaycanın işğal altında olmuş ərazilərində yeni erməni kilsələrinin inşa edilib: “Ağdamın Şahbulaq yaylağında bir, Xocalı rayonunda dörd, Xankəndidə iki, Xocavənd rayonunda beş, Şuşa–Füzuli yolunda bir, Ağdərə regionunda üç, Kəlbəcər rayonunda iki, Laçın şəhərində bir və Laçının Zabux kəndində bir yeni erməni kilsəsi inşa edilib.

“Bütün bu məsələlərin qiymətləndirilməsində tarixi, arxeoloji və epiqrafik mənbələrin yanaşı öyrənilməsi mühüm əhəmiyyət daşıyır. Ayrı-ayrı rəqəmlərin və konkret faktların isə ilkin sənədlər, arxiv materialları, beynəlxalq hesabatlar, foto və video sübutlar, eləcə də müstəqil ekspert araşdırmaları əsasında yoxlanılması zəruridir.

Mədəni irsin qorunması ilə bağlı beynəlxalq hüquq baxımından 1954-cü il Haaqa Konvensiyası və onun müvafiq müddəaları xüsusi əhəmiyyət daşıyır. Silahlı münaqişələr zamanı mədəni sərvətlərin qorunması həmin konvensiyanın əsas predmetlərindən biridir. Bu baxımdan Azərbaycanın işğal altında olmuş ərazilərindəki tarix və mədəniyyət abidələri ilə bağlı irəli sürülən iddiaların beynəlxalq hüququn müvafiq normaları əsasında araşdırılması və sənədləşdirilməsi mühüm əhəmiyyət kəsb edir.

Eyni zamanda, silahlı münaqişə nəticəsində qanunsuz olaraq başqa əraziyə aparıldığı müəyyən edilən daşınan mədəni sərvətlərin mənşəyinin, hüquqi statusunun və geri qaytarılması məsələsinin beynəlxalq hüquq normaları çərçivəsində araşdırılması mümkündür. Bu istiqamətdə əsas vəzifə tarixi faktların sənədləşdirilməsi, abidələrin ilkin vəziyyətinin müəyyənləşdirilməsi və hər bir konkret nümunə üzrə etibarlı sübut bazasının formalaşdırılmasıdır.

Qafqaz Albaniyası irsi ilə bağlı mübahisələrin elmi əsaslarla araşdırılması da məhz bu yanaşmanı tələb edir. Kitış məbədi kimi abidələrin memarlıq, epiqrafik, arxeoloji və arxiv materialları əsasında kompleks şəkildə tədqiqi həm onların tarixinin daha dəqiq müəyyənləşdirilməsinə, həm də sonrakı dövrlərdə abidələrdə aparılmış dəyişikliklərin sənədləşdirilməsinə imkan verə bilər”, – tarixçi qeyd edir. /Musavat.com/