Avropa kəşfiyyat xidmətlərinin rəhbərləri Rusiyanın NATO ölkələrinə qarşı hərəkətlərinin mümkün aktivləşməsi barədə xəbərdarlıq ediblər.
Bu barədə “The Guardian” yazır.
Çexiya kəşfiyyatının rəhbəri Koudelka “The Guardian” qəzetinə müsahibəsində bildirib ki, mümkün ssenariyə NATO ərazisinə kiçik miqyaslı müdaxilə, saxta bayraq altında təxribat və ya genişmiqyaslı informasiya kampaniyası daxil ola bilər. O qeyd edib ki, belə “illər deyil, aylar” ərzində reallaşa bilər. Eyni zamanda o, vurğulayıb ki, Avropa ölkələri belə bir ssenarinin reallaşmasının qarşısını almaq üçün tədbirlər görürlər.
Eyni zamanda, Baltikyanı ölkələrin nümayəndələri yaxınlaşmaqda olan hücumla bağlı proqnozlara ehtiyatla yanaşmağa çağırıb, hələlik belə təhlükənin əlamətlərini görmədiklərini qeyd ediblər.
Xəbərdarlıqlar Polşanın Baş naziri Donald Tuskun bəyanatından sonra səslənib. O, parlamentə bildirib ki, kəşfiyyat qiymətləndirmələri qarşıdakı aylarda NATO ölkələrinin ərazisinə Rusiya pilotsuz uçuş aparatlarının və ya raketlərinin zərbələr endirməsini ehtimal etməyə əsas verir. Tusk bildirib ki, Moskvanın mümkün məqsədlərindən biri alyansın Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsi ilə nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirməyə hazır olub-olmadığını yoxlamaq ola bilər.
Fransa Prezidenti Emmanuel Makron Tuskun xəbərdarlığını əsaslandırılmış və sənədləşdirilmiş adlandırıb. Cümə günü o, Parisdə siyasi partiyaların liderləri və 2027-ci il prezident seçkilərinin namizədləri ilə fövqəladə görüş keçirib, burada digər məsələlərlə yanaşı, Rusiyanın artan təhlükəsi barədə məlumatlar da müzakirə olunub.
Baltikyanı ölkələrdə vəziyyətin qiymətləndirilməsi daha təmkinli olub. Latviyanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Normunds Meşvietis bəyan edib ki, onun qurumu yaxınlaşmaqda olan hücumun əlamətlərini görmür.
Onun sözlərinə görə, Moskvanın Avropada daha qətiyyətli addımlara hazırlaşdığına dair sübutlar var, lakin hələlik bunun konkret planlardan, yoxsa qərb cəmiyyətlərində qorxu və qeyri-müəyyənliyi gücləndirmək cəhdindən ibarət olduğu aydın deyil.
Estoniyanın XİN-in baş katibi Yonatan Vsevov da panikaya qapılmamağa çağırıb. O bildirib ki, real təhlükə olacağı təqdirdə hakimiyyət bu barədə məlumat verəcək, o vaxta qədər isə sakitliyi qorumağa və Ukraynaya dəstəyi davam etdirməyə çağırıb.
Bununla belə, üç kəşfiyyat xidmətinin rəhbərləri – Çexiya, Latviya və İsveç nümayəndələri Avropada Rusiya təxribat kampaniyasının daha da aktivləşməsini ehtimal olunan hesab edirlər. Onların qiymətləndirməsinə əsasən, dəmir yolu infrastrukturu, Ukraynaya dəstəklə əlaqəli obyektlər və müdafiə sənayesi mümkün hədəflər ola bilər.
İsveç hərbi kəşfiyyatının rəhbəri Tomas Nilsson bəyan edib ki, Moskva Ukraynaya dəstəyi zəiflətməyə və NATO daxilində fikir ayrılıqları yaratmağa çalışır.
Moskva NATO-ya hücum etmək niyyətində olmadığını təkzib edir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov daha əvvəl bəyan etmişdi ki, hücuma hazırlıq barədə xəbərlərin Rusiyanın niyyətləri ilə “heç bir ümumi cəhəti yoxdur”.



