Daşqından zərər görən evlərə kompensasiya VERİLƏCƏKMİ?

Son günlər ölkənin şimal bölgəsində müşahidə olunan güclü və fasiləsiz yağışlar Xaçmaz rayonu ərazisində ciddi fəsadlara yol açıb. Leysan xarakterli yağıntılar nəticəsində rayonda sel və daşqınlar baş verib, ümumilikdə 1000-dən çox evə su dolduğu bildirilir.

Ən çox zərər görən ərazilərdən biri kimi Samurçay qəsəbəsi göstərilir. Burada sel suları avtomobil yolunu yararsız hala salaraq yaşayış məntəqəsi ilə əlaqəni müvəqqəti kəsib. Bundan əlavə, iki elektrik dirəyi sıradan çıxıb və ərazi bir müddət enerjisiz qalıb.

Məsələ ilə bağlı Xaçmaz Rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, hadisədən dərhal sonra əraziyə baxış keçirilib və operativ tədbirlər görülüb. Təhlükə altında olan 30-dan çox sakin təhlükəsiz yerlərə köçürülərək müvəqqəti sığınacaqla təmin olunub.

Eyni zamanda bildirilib ki, infrastrukturun bərpası istiqamətində ilkin işlər artıq görülüb. Zərər çəkmiş evlərdən bir qisminin yenidən tikilməsi üçün dövlət tərəfindən maliyyə ayrılıb və yaxın günlərdə tikinti işlərinə start veriləcək. Bölgədə bərpa və quruculuq işlərinin mərhələli şəkildə davam etdirilməsi planlaşdırılır.