Gündəlik rasiona paxlalıların əlavə edilməsi ürək-damar xəstəlikləri və diabet riskinin azalması ilə əlaqələndirilib.
William & Mary Kollecinin alimləri gündə bir porsiya lobya, mərcimək, noxud və digər paxlalıların qəbulunun kardiometabolik xəstəliklərin ümumi riskinin azalması ilə əlaqəli olduğunu müəyyən ediblər. Araşdırmanın nəticələri “Current Developments in Nutrition” jurnalında dərc olunub.
Tədqiqatçılar 46 mindən çox yetkin insanın qidalanma və sağlamlıq məlumatlarını təhlil ediblər. Onlar paxlalıların qəbulunu ürək xəstəlikləri, insult və diabet halları ilə müqayisə ediblər.
Nəticələrə görə, paxlalıların istehlakı artdıqca sözügedən xəstəliklərin riski də azalır. Gündəlik rasiona cəmi bir porsiya əlavə paxlalı daxil edilməsi kardiometabolik xəstəliklərin ümumi riskinin 19 faiz azalması ilə əlaqələndirilib.
Alimlər bildiriblər ki, iştirakçılar araşdırma zamanı orta hesabla gündə 10,5 qramdan az paxlalı qəbul ediblər. Buna görə də müəlliflər gündəlik qidalanmada lobya, mərcimək, noxud və digər paxlalıların miqdarını artırmağın faydalı ola biləcəyini vurğulayıblar.
Bununla belə, tədqiqat paxlalıların ürək xəstəlikləri və ya diabetin qarşısını birbaşa aldığını sübut etmir. Alimlər yalnız paxlalıların qəbulu ilə xəstəlik riski arasında əlaqə müəyyən ediblər.
Mütəxəssislər balanslı qidalanmanın bir hissəsi kimi paxlalıların müntəzəm istifadəsinin sağlam qidalanma vərdişlərindən biri ola biləcəyini qeyd edirlər.



