Böyük Britaniyada doğum nisbəti tarixi minimuma düşdü

İngiltərə və Uelsdə 1977-ci ildən bəri ən kəskin doğum azalması qeydə alınıb.

Bu barədə “Bloomberg” agentliyi Böyük Britaniyanın Milli Statistika İdarəsinə istinadən məlumat yayıb.

Ekspertlər xəbərdarlıq edirlər ki, ölkə demoqrafik dönüş nöqtəsinin astanasındadır – miqrantlar nəzərə alınmasa, yerli əhalinin sayı kəskin şəkildə azalmağa başlaya bilər.

Rəsmi statistikaya əsasən, ötən il doğulanların sayı 1.6% azalaraq 585 396 nəfərə düşüb. Bu rəqəm qeydə alınan ölüm hallarından cəmi 14 408 nəfər çoxdur. Müqayisə üçün bildirilir ki, bir il əvvəl doğulanlarla ölənlər arasındakı fərq demək olar ki, iki dəfə yüksək – 26 064 nəfər olub.

Doğum sayının azalması problemi ötən il təkcə Britaniyanı deyil, Almaniyanı da əhatə edib. Almaniyada İkinci Dünya müharibəsindən sonrakı dövrün ən aşağı doğum göstəricisi qeydə alınıb. Sözügedən Avropa ölkəsində doğulanların sayı ardıcıl dördüncü ildir ki, azalmaqda davam edir. Belə ki, bu ölkədə 2025-ci ildə təxminən 654 300 körpə dünyaya gəlib ki, bu da əvvəlki ilin göstəricilərindən 3.4% azdır.