Bakı şəhərinin ictimai nəqliyyat sistemində yaxın gələcəkdə ciddi yeniliklər gözlənilir. Paytaxtda sərnişindaşımanın keyfiyyətini artırmaq və yollardakı gərginliyi azaltmaq məqsədilə fərqli infrastruktur layihələri icra olunacaq.
Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil edilən tədbirdə məlumat verib.
O, qeyd edib ki, hazırda paytaxtda nəqliyyat sisteminin təkmilləşdirilməsi istiqamətində genişmiqyaslı işlər görülür. Layihələr çərçivəsində metro xətlərinin genişləndirilməsi ilə yanaşı, Bakıda kanat yolu və tramvay xətlərinin yaradılması da planlaşdırılır.
İcra başçısı şəhərdə mövcud olan digər nəqliyyat infrastrukturundan da danışıb. Onun sözlərinə görə, artıq paytaxt küçələrində 140 kilometrdən çox avtobus zolağı və 80 kilometr uzunluğunda velosiped yolu istifadəyə verilib. Eldar Əzizov bu addımların şəhər ekologiyasına və hərəkət intensivliyinə müsbət təsir edəcəyini vurğulayıb.
“Bu layihələr şəhərdə mobilliyin artırılmasına, nəqliyyat sıxlığının azaldılmasına və ekoloji vəziyyətin yaxşılaşdırılmasına xidmət edəcək” – deyə icra başçısı bildirib.




