Bəzi kateqoriyaya aid şəxslərin cəzaları yüngülləşdirilir – Qanun nə deyir? 

Azərbaycanda bəzi şəxslərin cəzası yüngülləşdirilir.

Oxu.Az-ın “Qanun nə deyir” adlı bugünkü rubrikasının mövzusu cəzanın hansı hallarda yüngülləşdirilməsi ilə bağlıdır.

Cinayət Məcəlləsinə görə, cəza aşağıdakı hallarda yüngülləşdirilir:

– hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsi;

– cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi;

– cinayətin hamilə qadın tərəfindən törədilməsi;

– cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması;

– cinayətin ağır həyat şəraiti nəticəsində və ya mərhəmətlilik niyyəti ilə törədilməsi;

– cinayətin fiziki və ya psixi məcburiyyət təsiri altında, yaxud maddi, xidməti və ya sair cəhətdən asılılıq nəticəsində törədilməsi;

– cinayətin zəruri müdafiənin, ictimai təhlükəli əməl törətmiş şəxsin tutulmasının, son zərurətin, əsaslı riskin, əmrin və ya sərəncamın icra edilməsinin qanunla müəyyən edilmiş şərtlərini pozmaqla törədilməsi;

– cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi;

– cinayətin anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs tərəfindən törədilməsi;

– şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi;

– cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması;

– zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi;

– cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması;

– cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi.

Cəza təyin edilərkən yuxarıda göstərilməmiş başqa nüanslar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər.