Son günlər bəzi media resurslarında “AzParking” tətbiqində texniki problemlərin yarandığı, bunun nəticəsində isə sürücülərin cərimə ilə üzləşdiyi və bəzi əməliyyat qeydlərinin sistemdə görünmədiyi barədə məlumatlar yayılıb.
Bununla bağlı “AzParking” rəsmi açıqlama verərək səsləndirilən iddialara münasibət bildirib. Qurum qeyd edib ki, istifadəçilərin narahatlığını başa düşsələr də, ödəniş əməliyyatlarının işləmə mexanizmi və məlumatların qorunması prinsipləri barədə düzgün məlumatın ictimaiyyətə çatdırılması vacibdir.
Açıqlamada vurğulanıb ki, tətbiq vasitəsilə parklanma seansı başladılıb və ödəniş biometrik təsdiq, Face ID və ya şifrə ilə tamamlanıbsa, həmin əməliyyat həm bank sistemində, həm də “AzParking” serverlərində qeydə alınır. Şirkətin bildirdiyinə görə, uğurla tamamlanmış əməliyyatların sonradan sistemdən silinməsi və ya qeydiyyatdan kənarda qalması texniki baxımdan mümkün deyil.
Qurum tərəfindən araşdırılan konkret şikayətlərdən birində istifadəçinin göstərdiyi vaxt ərzində mərkəzi serverə parklanma seansının başladılması ilə bağlı təsdiqlənmiş sorğunun daxil olmadığı müəyyən edilib. Bundan əlavə, həmin ödəniş nə bank əməliyyat tarixçəsində, nə də sistem hesabatlarında öz əksini tapıb.
“AzParking”ın açıqlamasına əsasən, hər hansı ödənişin baş tutmuş hesab edilməsi üçün bank tərəfindən vəsaitin çıxılması təsdiqlənməlidir. Əgər bank çıxarışında müvafiq əməliyyat görünmürsə və sistemə ödəniş barədə məlumat ötürülməyibsə, bu halda prosesin istifadəçi cihazında və ya internet bağlantısında yaranan səbəblərdən tamamlanmadığı ehtimal edilir. Belə vəziyyətlərdə istifadəçinin hesabından pul vəsaiti tutulmur.
Şirkət həmçinin bildirib ki, tətbiq beynəlxalq proqram təminatı standartlarına uyğun fəaliyyət göstərir və bütün məlumatlar mühafizə olunan serverlərdə şifrələnmiş formada saxlanılır.
İstifadəçilər hər hansı sual və ya anlaşılmazlıq yarandıqda, AYNA-nın 141 çağrı mərkəzi ilə əlaqə saxlaya bilərlər. Qurum əlavə edib ki, bank sənədləri ilə təsdiqlənən bütün ödəniş müraciətləri operativ şəkildə araşdırılır və nəticələr istifadəçilərin maraqları nəzərə alınmaqla qiymətləndirilir.




