WUF13 – World Urban Forum-un bağlanış mərasimində Azərbaycan musiqisi beynəlxalq səhnədə bir daha öz möhtəşəmliyi ilə səsləndi. Akademik vokal ifaçısı, Respublika və beynəlxalq müsabiqələr laureatı Altun Süleymanov və duet ortağı, gənc ifaçı İsa Məmmədov tərəfindən görkəmli bəstəkar Rauf Hacıyevin “Azərbaycan” əsəri mötəbər beynəlxalq auditoriya qarşısında təqdim olundu.
Dövlət rəsmilərinin, nazirlərin, beynəlxalq təşkilat nümayəndələrinin və dünyanın müxtəlif ölkələrindən gələn qonaqların iştirak etdiyi bu nüfuzlu platformada Azərbaycan musiqisinin zəngin mədəni irsi, milli ruhu və sənət ənənələri xüsusi maraqla qarşılandı.
Tədbirdən sonra sənətçilər beynəlxalq media nümayəndələrinə və qonaqlara xüsusi müsahibə verərək WUF13-də iştirakın onlar üçün böyük qürur və məsuliyyət olduğunu vurğulayıblar:
“Bu səhnədə Azərbaycanı təmsil etmək bizim üçün sadəcə bir çıxış deyil, həm də milli mədəniyyətimizi və musiqimizi dünyaya təqdim etmək missiyasıdır. İnanırıq ki, musiqi xalqları, mədəniyyətləri və insanları bir araya gətirən ən güclü körpüdür. Azərbaycan musiqisi isə öz dərinliyi və ruhu ilə dünya səhnələrində hər zaman xüsusi yer tutur.”
Sənətçilər həmçinin qeyd ediblər ki, gələcək fəaliyyətlərində Azərbaycan klassik vokal sənətini beynəlxalq layihələr, festivallar, forumlar və konsert proqramları vasitəsilə daha geniş auditoriyalara çatdırmaq əsas məqsədlərindən biridir.
“Biz istəyirik ki, dünya Azərbaycanı yalnız coğrafiyası ilə deyil, həm də zəngin musiqisi, mədəniyyəti və sənəti ilə tanısın. Qarşıdakı dövrdə beynəlxalq səviyyəli yeni layihələr, duet proqramları və müxtəlif ölkələrdə konsert çıxışları üzərində çalışırıq.”
WUF13 çərçivəsində baş tutan bu çıxış Azərbaycan musiqisinin beynəlxalq platformalarda təbliği baxımından xüsusi əhəmiyyət daşımaqla yanaşı, gənc sənətçilərin dünya səhnəsində ölkəmizi uğurla təmsil etməsinin daha bir nümunəsinə çevrildi.






