NASA-nın Ay missiyasında iştirak edən astronavt Viktor Qlover amerikalıların onilliyin sonunda həyata keçirməyi planlaşdırdığı ilk pilotlu Ay enişinin istiqamətinin dəyişdirilməsini təklif edib.
Bu barədə “naked-science.ru” nəşri yazıb.
Məlumatda deyilir ki, Qlover bu barədə NASA-nın Kaliforniyadakı Eyms Araşdırma Mərkəzində keçirilən elmi forumda çıxış edib. Onun fikrincə, Ayın cənub qütbünə deyil, daha tanış olan ekvatorial bölgəyə eniş etmək astronavtlar üçün riskləri azalda bilər. O, agentliyin rəhbəri Cared Ayzekmandan “Artemida” proqramının ilk insanlı missiyasının planına yenidən baxmağı xahiş edib.
“Əvvəlcə tanış yoldan getmək lazımdır”
Hazırda NASA ilk pilotlu Ay enişini 2028-ci ilin payızına planlaşdırır, lakin missiyanın bəzi elementlərinin hazırlıq vəziyyəti səbəbindən bunun 2029-cu ilə qədər uzana biləcəyi ehtimal olunur. Qlover hesab edir ki, ilk missiyada Ayın cənub qütbünə enmək düzgün qərar olmaya bilər.
Onun fikrincə, “Apollon” missiyalarının yarım əsr əvvəl həyata keçirdiyi ekvatorial eniş zonaları insanlara daha yaxşı tanışdır. “Əgər nəyisə tez etmək istəyirsinizsə, tanış yolla getmək daha yaxşıdır. Biz Ay səthinə enməliyik. Bunun üçün yaxşı işıqlandırılan və təcrübəli olduğumuz ekvator bölgəsini seçmək lazımdır”, – deyə astronavt bildirib.
Qütb bölgəsində enişin çətinlikləri
Qloverin bəzi texniki arqumentləri artıq köhnəlsə də, alimlər onun Ayın qütb bölgəsində enişin yaratdığı çətinliklərlə bağlı fikirlərini əsaslı hesab edirlər. Ayın cənub qütbündə Günəş hətta gündüz vaxtı üfüqə yaxın olur, kölgələr isə uzun və qaranlıq olur. Bu isə eniş zamanı görmə imkanlarını məhdudlaşdıra bilər.
Bundan əlavə, Ay səthində hərəkət etmək də daha mürəkkəb olacaq. Astronavt qeyd edib ki, Yer üzündə belə çətin görünən şərait Ayda skafandrla hərəkət zamanı daha böyük problem yarada bilər. Qlover hesab edir ki, Ay missiyaları mərhələli şəkildə həyata keçirilməlidir: əvvəlcə daha asan ekvatorial eniş sınaqdan keçirilməli, daha sonra isə qütb bölgələrinə keçilməlidir.
NASA üçün əsas məqsəd nədir?
Bununla belə, Qloverin təklifinin qəbul olunacağı ehtimalı azdır. Səbəb odur ki, NASA məhz Ayın cənub qütbünü əsas hədəf seçib. Bu bölgədə buz ehtiyatlarının olduğu ehtimal edilir və onların öyrənilməsi Ayın mənşəyi haqqında mühüm məlumat verə bilər. Mütəxəssislər hesab edir ki, əsas çətinlik yalnız eniş yerinin seçimi deyil. Ay səthində hərəkət hətta 50 il əvvəl “Apollon” missiyalarında da mürəkkəb idi.
İndi isə əlavə problemlər var: yeni Amerika skafandrları hələ tam sınaqdan keçirilməyib və onların temperatur fərqləri olan Ay şəraitində uzunmüddətli fəaliyyət göstərəcəyi məlum deyil. Buna görə də alimlər bildirirlər ki, NASA üçün əsas məsələ yalnız Ayın hansı hissəsinə enmək deyil, astronavtların təhlükəsiz şəkildə işləməsi üçün bütün texnologiyaların hazır vəziyyətə gətirilməsidir.




