Yol-nəqliyyat hadisəsində bir gəncin ölümünə, digərinin isə xəsarət almasına səbəb olmaqda və hadisə yerindən qaçmaqda təqsirləndirilən bloqer – “Arzum” ləqəbi ilə tanınan İlduzə Hacıyeva ev dustaqlığına buraxılıb.
Bu barədə qərar Bakı Apellyasiya Məhkəməsində verilib.
Xatırladaq ki, o, Xəzər Rayon Məhkəməsinin hökmü ilə 5 il 2 ay müddətə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs olunmuşdu.
Qeyd edək ki, hadisə 2025-ci ilin iyununda Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsində baş verib. Qəza nəticəsində bir nəfər ölüb, bir nəfər isə xəsarət alıb.
İlduzə Hacıyeva Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması – ölümlə nəticələndikdə) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham olunur.
20 gün əvvəl avtoqəza ilə bağlı həbs edilən tiktoker İlduzə Hacıyevanın – sosial şəbəkələrdə “Arzum 9999” adı ilə tanınan şəxsin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.
İlduzə Hacıyeva bir qədər əvvəl konvoyun müşayiəti ilə Bakı İstintaq Təcridxanasından məhkəmə binasına gətirilib.
Onun yaxınları da məhkəmə binasına gəliblər və veriləcək qərarı gözləyirlər.




