Abşeron Milli Parkında həvəskar balıq ovu turniri keçirilib

0
911

Oktyabrın 6-da Abşeron Milli Parkında Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanın Həvəskar Balıqçılar İttifaqı ilə birlikdə “Brakonyerliyə son” devizi altında həvəskar balıq ovu turniri keçirib.

Abşeron Milli Parkında ilk dəfə keçirilən turnirin məqsədi brakonyerliyə son qoymaq, sivil balıq ovlanması qaydalarını təbliğ və təşviq etməkdir.

Abşeron Milli Parkının direktoru Etibar İbrahimov bildirib ki, balıq populyasiyasının artırılması üçün yetişdirilmiş balıq körpələri su hövzələrinə buraxılır. “Amma qadağan olunmuş vasitələrlə balıq ovlayanlar su canlılarının kütləvi məhvinə səbəb olurlar, onların artımının qarşısını alırlar. Təsəvvür edin ki, belə vandal üsullarla ov edənlər bütün ölkə üzrə bəlkə də minlərlədir. Deməli, belələri ilə mübarizə təkcə bir qurumun üzərinə düşməməlidir. Daha müvəffəq nəticə əldə etmək üçün bu işdə ictimaiyyətin də dəstəyi vacibdir. İstəyirik ki, hər kəs icazəsiz vasitələrlə balıq ovlayan şəxslərə iradlarını bildirsin, vətəndaş mövqeyi nümayiş etdirsin. Həvəskar balıqçıların bu tədbirində də məqsəd ölkədə sivil balıq ovlanması kultunu formalaşdırmaq, qaydalar çərçivəsində balıq ovlanmasını təşviq etməkdir”, – deyə E.İbrahimov bildirib.

Azərbaycanın Həvəskar Balıqçılar İttifaqının rəhbəri Əfqan Əliyev Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş turnirdə 50-dən çox həvəskar balıqçının iştirak iştirak etdiyini bildirib: “Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə keçirdiyimiz tədbirin məqsədi su hövzəsi canlılarının mühafizəsinə dəstək olmaq, brakonyerliyə son qoymaq, qadağan olunmuş alətlərlə balıq ovlanmasının qarşını almaqdır. Sosial şəbəkələrdə torlarla, cərəyanlarla balıq ovlayanlar barədə video və şəkillər paylaşıb nazirliyi ittiham edirlər. Bu, təkcə nazirliyin işi deyil, hamımız bu işdə birgə mübarizə aparmalı, brakonyerlərə qarşı mövqeyimizi bildirməliyik. Bu, hər kəsin vətəndaşlıq borcudur”.

Həvəskar balıqçı Ramin Yağnəliyev Abşeron Milli Parkında təşkil olunan təşviqedici turniri çox önəmli bir təşəbbüs adlandırıb: “Biz əvvəllər də başqa turnirlərdə iştirak etmişik. Turnirin milli park ərazisində keçirilməsi brakonyerlərin qadağan olunmuş vasitələrlə balıq ovuna son qoymaları üçün bir çağırışdır. Burada iştirakımla brakonyerlərə bir mesaj göndərmək, örnək olmaq istəyirəm. Balıq ovunu sivil qaydada aparmağa səsləyirəm. Milli Parkda balıq tutmaqla yanaşı, asudə vaxtımızı səmərəli keçirdik, gözəl istirahət etdik, təbiətin gözəlliyindən zövq aldıq”.

Turnirdə iştirak edən balıqçı Müşfiq Həsənov isə deyib: “Biz balıqçılar tor və digər qadağan edilmiş vasitələrlə balıq ovunun aparılmasının əleyhinəyik. Hər kəs bilməlidir ki, sənaye balıq ovu mayın 1-dən sentyabrın 1-dək qadağandır. Həmin vaxtlarda balıqların ovlanması yolverilməzdir. Biz bütün balıqçıları qaydalara riayət etməyə, brakonyerliyə son qoymağa çağırırıq. Ümidvarıq ki, bu tədbir məqsədimizə nail olmağa bir vəsilə olacaq”.

Milli parka istirahətə gələn turistlər də turniri çox maraqla izlədiklərini, təşəbbüsü yüksək qiymətləndirdiklərini və belə tədbirlərin müsbət nəticə verəcəyinə inandıqlarını bildiriblər.

Sonda həvəskar balıqçılar Azərbaycanın Həvəskar Balıqçılar İttifaqı tərəfindən müxtəlif nominasiyalar üzrə mükafatlandırılıblar.