Smartfonun ekranında görünən mavi nöqtə – Şübhəli fəaliyyət əlamətidir?

Şəbəkə və batareya göstəricilərinin yanında görünən indikator telefonun hansısa tətbiqinin cihazın yerləşdiyi yerə müraciət etdiyini bildirir.

Bu barədə “Engadget” nəşri məlumat yayıb.

Cihazın ekranında mavi nöqtənin görünməsi Android əməliyyat sisteminin məxfilik parametrləri ilə bağlıdır: sistem tətbiqin geolokasiya məlumatlarından istifadə etdiyini göstərir. “Android” 17 və daha yeni versiyalarda bu işarə məlumatlara müraciət zamanı görünür və ya həmin proses başa çatdıqdan sonra daha 10 saniyəyədək ekranda qalır.

Bildirilib ki, indikatorun görünməsi özlüyündə nasazlıq və ya şübhəli fəaliyyət əlaməti deyil. Məsələn, xəritə və naviqasiya tətbiqləri marşrut qurmaq, hava proqnozu tətbiqləri isə proqnoz təqdim etmək üçün geolokasiya məlumatlarına ehtiyac duyur. Lakin smartfon sahibi belə xidmətlərdən istifadə etmədiyi halda mavi nöqtə görünürsə, hansı tətbiqin cihazın yerləşdiyi yer barədə məlumatlara müraciət etdiyini yoxlamaq lazımdır.

Bunun üçün mütəxəssislər bildirişlər panelini aşağı çəkməyi və indikatorun üzərinə toxunmağı tövsiyə ediblər. Android sistemi geolokasiyadan sonuncu dəfə istifadə etmiş tətbiqi göstərəcək. “Son giriş” bölməsində müraciətlərin tarixçəsinə, o cümlədən müraciətin vaxtına, eləcə də tətbiqin ekranda açıq, yoxsa arxa planda işlədiyinə baxmaq mümkündür.

Jurnalistlər izah ediblər ki, tarixçədəki qeydə toxunduqda tətbiqin icazə parametrləri açılır. Əgər tətbiqin istifadəçinin yerləşdiyi yeri daim bilməsinə ehtiyac yoxdursa, ona bu məlumatlara yalnız istifadə zamanı giriş icazəsi vermək olar. Bu, zəruri funksiyalar üçün geolokasiyadan istifadəni saxlamağa və arxa planda izləməni məhdudlaşdırmağa imkan verəcək.